AZ

Xaricdə anti-Azərbaycan kampaniyalarının mahiyyəti

Müasir informasiya müharibələrinin əsas xüsusiyyətlərindən biri dövlətlərə qarşı təzyiq mexanizmlərinin klassik siyasi və hərbi vasitələrdən daha çox media, sosial şəbəkələr və qeyri-hökumət strukturları üzərindən həyata keçirilməsidir. Xüsusilə Cənubi Qafqaz kimi geosiyasi həssas regionda informasiya manipulyasiyası, məqsədli kampaniyalar və lobbiçilik fəaliyyəti milli təhlükəsizlik məsələsinin tərkib hissəsinə çevrilib. Bu kontekstdə xaricdə fəaliyyət göstərən, müxtəlif dairələrin təsiri altında Azərbaycan əleyhinə təbliğat aparan şəxslərin fəaliyyəti yalnız fərdi mövqe deyil, daha geniş siyasi proseslərin elementi kimi qiymətləndirilməlidir. Jurnalist Emin Hüseynovun fəaliyyəti və sonrakı mərhələdə xaricdə apardığı kampaniyalar uzun illər ictimai müzakirə mövzusu olub. Onun vaxtilə diplomatik nümayəndəlikdə qadın paltarı geyinərək gizlənməsi faktı, daha sonra ölkəni tərk etməsi və xaricdə siyasi blogerlik fəaliyyəti göstərməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Qadın paltarı geyinərək səfirlikdə gizlənən, daha sonra isə erməni lobbisinə xidmət edərək ölkəmizə qarşı aparılan qarayaxma kompaniyasında aktiv fəaliyyət göstərən  bir adamın özünə haqq qazandırması əlbətdə ki, gülünc doğurur.

Dövlətçilik və milli maraqlar prizmasından yanaşdıqda, xarici platformalarda ölkə əleyhinə sistemli şəkildə çıxış etmək, xüsusilə də bunu xarici maliyyə və lobbi dəstəyi fonunda etmək ciddi suallar doğurur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu mövzuya münasibətdə səsləndirdiyi mövqe dövlətin prinsipial xəttini əks etdirir. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan öz suverenliyini, daxili sabitliyini və beynəlxalq nüfuzunu qorumaqda qətiyyətlidir və informasiya manipulyasiyalarına qarşı hüquqi və siyasi çərçivədə cavab vermək iqtidarındadır. Burada əsas mesaj emosional polemikadan daha çox dövlətçilik prinsipinə söykənən yanaşmadır. Araşdırmalar göstərir ki, bəzi xarici dairələr, xüsusilə də erməni diaspor təşkilatları müxtəlif ölkələrdə informasiya və media resurslarına ciddi maliyyə yatırımları edirlər. Məqsəd Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq, regiondakı yeni geosiyasi reallıqları kölgə altına almaq və beynəlxalq ictimai rəydə birtərəfli yanaşma yaratmaqdır. Bu çərçivədə sosial media platformaları və fərdi bloger fəaliyyəti təsir alətinə çevrilə bilir. Xaricdə yaşayan və Azərbaycan əleyhinə ardıcıl ritorika sərgiləyən bəzi şəxslərin məhz belə şəbəkələrin təsir dairəsində olması barədə müxtəlif ekspert rəyləri mövcuddur.

Məsələyə daha geniş kontekstdə baxdıqda, burada söhbət təkcə bir şəxsdən getmir. Qlobal informasiya məkanında “aktivist”, “bloger” və ya “müstəqil jurnalist” adı altında fəaliyyət göstərən, lakin konkret siyasi gündəliyə xidmət edən şəbəkələr formalaşıb. Bu şəbəkələr bəzən insan hüquqları və söz azadlığı ritorikasından istifadə etsə də, faktiki olaraq selektiv yanaşma sərgiləyir və müəyyən dairələrin maraqlarına uyğun mövqe nümayiş etdirirlər. Azərbaycan kimi müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən dövlətlər isə bu cür hədəfli kampaniyaların obyektinə çevrilir. Dövlətçilik anlayışı yalnız siyasi hakimiyyət məsələsi deyil, həm də milli həmrəylik və informasiya təhlükəsizliyi məsələsidir. Xaricdə yaşayan hər bir vətəndaşın fərdi fikrini ifadə etmək hüququ var. Lakin bu fəaliyyət xarici lobbi strukturlarının maliyyə və təşkilati dəstəyi ilə sistemli anti-dövlət kampaniyasına çevrilirsə, məsələ artıq fərdi mövqedən çıxaraq siyasi alətə transformasiya olunur. Bu isə cəmiyyət tərəfindən tənqidi qiymətləndirilir. Azərbaycan son illər beynəlxalq arenada mövqelərini gücləndirib, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik sahəsində mühüm aktora çevrilib. Belə bir mərhələdə ölkəyə qarşı informasiya təzyiqlərinin artması təsadüfi deyil. Bu, geosiyasi maraqların toqquşduğu məqamda reputasiya və imic mübarizəsinin tərkib hissəsi kimi çıxış edir. Məhz buna görə informasiya müstəvisində dövlətin mövqeyinin aydın və prinsipial şəkildə ifadə olunması vacibdir.

Müşahidələrimiz onu  göstərir ki, xaricdə müxtəlif lobbi dairələrinin dəstəyi ilə Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslər məsələsi təkcə fərdi davranış deyil, daha geniş informasiya və siyasi mübarizənin elementidir. Dövlətin və cəmiyyətin reaksiyası isə hüquqa, milli maraqlara və suverenlik prinsipinə əsaslanmalıdır. İnformasiya müharibələrinin intensivləşdiyi bir dövrdə milli həmrəylik, obyektiv faktlara söykənən mövqe və strateji kommunikasiya Azərbaycan üçün əsas prioritet olaraq qalır.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı

Seçilən
32
1
ikisahil.az

2Mənbələr