AZ

Azərbaycan məhsulları Yaponiyanın ticarət şəbəkələrinə inteqrasiya ediləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı ilə Yaponiyanın 5 000-dən artıq üzvü olan "Shinseikai" biznes platforması arasında görüş keçirilib.

FED.az biznes və maliyyə xəbərləri portalı mərkəzə istinadən xəbər verir ki, görüşdə portalın rəhbəri Ayxan Qədəşov və "Shinseikai"nin nümayəndəsi Hitoşi Usukura iştirak ediblər.

Görüşün əsas məqsədi Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması və ixrac prosesindəki texniki-hüquqi prosedurların müzakirəsi olub.

H.Usukura bildirib ki, "Shinseikai" Yaponiyanın iqtisadi həyatında mühüm rol oynayır, onun üzvləri tekstil, kənd təsərrüfatı, sənaye istehsalı, logistika və digər strateji sektorları təmsil edən sahibkarlardan ibarətdir. Yaponiyalı qonaq Azərbaycanın ixrac potensialı ilə yaxından maraqlandıqlarını və təmsil etdiyi şəbəkə vasitəsilə Azərbaycan məhsullarının Yaponiyada tanıdılmasına dəstək verə biləcəklərini vurğulayıb.

A.Qədəşov isə portalın fəaliyyət istiqamətləri, yerli sahibkarlara göstərilən dəstək mexanizmləri və qlobal e-ticarət platformaları ("Amazon", "Alibaba" və s.) ilə inteqrasiya barədə təqdimatla çıxış edib. Təqdimat zamanı nümayiş etdirilən "Azexport"un rəqəmsal sərgi zalı qarşı tərəfin xüsusi marağına səbəb olub. H.Usukura qeyd edib ki, məsafədən asılı olmayaraq məhsulların vizual və detallı şəkildə nümayişini təmin edən bu innovativ həll yaponiyalı alıcıların Azərbaycan məhsulları haqqında dolğun məlumat əldə etməsi üçün unikal vasitə ola bilər.

Tərəflər ixrac zamanı qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və hüquqi prosedurlar ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətdə sahibkarların maarifləndirilməsi və logistik maneələrin aradan qaldırılması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüşün yekunu olaraq, "Shinseikai" təşkilatının üzvləri ilə Azərbaycan ixracatçıları arasında B2B əlaqələrin qurulması və məhsullarımızın Yaponiyanın ticarət şəbəkələrinə inteqrasiyası istiqamətində konkret addımların atılması barədə razılıq əldə olunub.

Seçilən
18
7
fed.az

10Mənbələr