AZ

Yeni reallıqlar

Vaşinqton sammitindən tam sülhə doğru gedən yol davam edir 

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri zamanı 10 fevral tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək, müvafiq institusional çərçivə yaratmışdır. 

Enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantıları, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayəni, eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı özündə ehtiva edən bu xartiya 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində yaradılmış İşçi qrupunun altı ay ərzində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir. Qarşılıqlı maraq və ortaq məqsədlər əsasında hazırlanmış bu strateji sənəd Azərbaycan-ABŞ münasibətlərinin gələcək illərdə inkişaf etdirilməsinə və dərinləşdirilməsinə töhfə verəcək. 

Vaşinqton sammitində imzalanmış digər sənədlər arasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovun və Ararat Mirzoyanın  parafladıqları "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş", nazirlərin ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciəti və nəhayət, ABŞ Prezidenti Donald Trampın  şahidliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Birgə Bəyannamə də var. Bu sənədlərdən hər biri mahiyyət etibarilə böyük önəm kəsb edir.

 "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanması tərəflərin razılaşdırılmış mövqelərini təsbit etməklə yanaşı, hər iki ölkənin sülh prosesinə sadiqliyini və qarşılıqlı inamın güclənməsi istiqamətində iradəsini nümayiş etdirir. Bu sənəd eləcə də müvafiq şərtlər yerinə yetirildikdən sonra imzalanması nəzərdə tutulan sazişin hüquqi əsasını təşkil edir.

Digər tərəfdən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciəti əsasında 2025-ci ilin 1 sentyabr tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilmiş və 2025-ci ilin 30 noyabr tarixində bu qurumlar rəsmi olaraq ləğv edilmişdir. Beləliklə, bu qərarla Ermənistan və Azərbaycan vasitəçilər olmadan birbaşa danışıqlar aparmağa qadir olan  dövlətlər kimi yeni bir diplomatik reallıq yaratmışlar.

Nəhayət, ABŞ Prezidenti Donald Trampın  şahidliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Birgə Bəyannamədə Azərbaycan, Ermənistan və ABŞ liderləri paraflanmış sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyacın olduğunu qeyd etmişlər. Ermənistan Konstitusiyasının preambula hissəsində birbaşa olaraq 1990-cı il tarixli "Ermənistanın Müstəqilliyi haqqında Bəyannamə"yə istinad edilir. Bu sənəddə isə birbaşa olaraq ölkəmizə qarşı ərazi iddiası qaldırıldığına görə dövlətimiz "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in imzalanması üçün Ermənistan konstitusiyasının  dəyişdirilməsini əsas şərt kimi qoymuşdur.

Eyni zamanda Birgə Bəyannamədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviq edilməsi məqsədilə Ermənistan və Azərbaycan arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmin edilməsi üçün kommunikasiyaların açılmasının əhəmiyyəti qeyd edilir və vurğulanır ki, bu istiqamətə yönəlmiş səylər Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edəcək. Bu məqsədlə Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi irəli sürülür. 

2026-cı il yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubionun Vaşinqtonda TRIPP bağlantı layihəsinin həyata keçirilməsi üzrə imzaladıqları saziş kommunikasiyaların açılması istiqamətində atılmış növbəti addımdır. A.Mirzoyan və M.Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq "TRIPP Development Company" şirkətinin yaradılmasını və ona  ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququnu verəcəyini təsdiqləmişdir. Ermənistan "TRIPP Development Company"  səhmlərinin 74 faizini ABŞ-yə təklif etməyi, 26 faizini özündə saxlamağı planlaşdırır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2025-ci ilin 21 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən tarixi bir qərar qəbul edilmişdir. O, Qazaxıstan Prezidenti Qasım-Æomart Tokayevlə birgə keçirdiyi mətbuat konfransında Ermənistana Azərbaycan tərəfindən yük daşınmalarına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını elan etməklə iki ölkə arasında ilk dəfə olaraq tranzit və ticarət üçün  yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyevin dediyi kimi, bu, "Azərbaycanla Ermənistan arasında sülhün artıq yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir". Beləliklə, Ermənistana Azərbaycanın və Gürcüstanın ərazisindən keçməklə dəmir yolu vasitəsilə 2025-ci il noyabrın 5-də Rusiya buğdası və noyabrın 8-də Qazaxıstan buğdası daşınmışdır. Bu proses 2026-cı ildə də davam etdirilməkdədir. Eyni zamanda 2025-ci ilin dekabr və 2026-cı ilin yanvar aylarında Azərbaycan Ermənistana neft və neft məhsulları, o cümlədən Aİ-95 markalı avtomobil yanacağı ixrac etmişdir. 

Digər tərəfdən 2025-ci ildə Azərbaycan və Ermənistan cəmiyyətləri arasında qarşılıqlı etimadın yaradılması istiqamətində  bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa ünsiyyət platforması olan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 2025-ci il oktyabrın 21-22-də Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup İrəvana, 2025-ci il noyabrın 21-22-də isə Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Bakıya səfər etmişdir. Bu səfərlər çərçivəsində təşkil edilmiş görüşlərdə hər iki tərəfdən iştirak etmiş qeyri-hökumət təşkilatlarının, beyin mərkəzlərinin və KİV nümayəndələri bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Bu günlərdə ölkəmizin vətəndaş cəmiyyəti üzvlərinin Ermənistana səfəri olmuşdur. Prosesin bundan sonra da davam etdirilməsi nəzərdə tutulmuşdur.

Bütün bu proseslər Vaşinqton sammitindən sonra bölgədə sülhün və sabitliyin bərqərar olunması istiqamətində həyata keçirilən fəaliyyətin göstəriciləridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın şərəfinə təsis edilmiş "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi  dünya ictimaiyyəti tərəfindən bu yeni reallığın təsdiq edilməsini göstərir. 2026-cı il fevralın 4-də Əbu-Dabi şəhərində keçirilmiş "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimetmə mərasimində çıxış etmiş Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq. Biz sülh şəraitində yaşamağı öyrənirik... Bu, xüsusi bir hissdir.

Beləliklə, hər iki ölkənin cəmiyyətləri sülhün "dividend"lərini tədricən hiss etməyə başlamışdır. Bu özünü silahların susmasında, insan itkilərinin verilməməsində, sabitliyin bərqərar olunmasında göstərir. Bu isə "Zayed mükafatı"nın təbliğ etdiyi "insan qardaşlığı"nın ən ali təzahürüdür.

Gülşən PAŞAYEVA,

 Milli Məclisin deputatı

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr