AZ

Naxçıvan Dövlət Universiteti və Memar Sinan Gözəl Sənətlər Universiteti arasında ikili diplom proqramı həyata keçiriləcək

Naxçıvan Dövlət Universiteti ilə Memar Sinan Gözəl Sənətlər Universiteti arasında "Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması" ixtisası üzrə ikili diplom magistr proqramının həyata keçirilməsi barədə razılıq əldə olunub.

Aznews.az xəbər verir ki, bununla bağlı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum NDU-nun rektoru Elbrus İsayev və Memar Sinan Gözəl Sənətlər Universitetinin rektoru Ahmet Sacit Açıkgözoğlu tərəfindən imzalanıb. Sənədə əsasən, tərəflər memarlıq və incəsənət sahələrində genişmiqyaslı əməkdaşlıq edəcək, birgə layihələr və akademik təşəbbüslər həyata keçirəcəklər.

Bu əməkdaşlıq ölkəmizdə elan olunmuş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi Memar Əcəminin 900 illik yubileyinin qeyd olunduğu bir dövrdə belə bir təşəbbüsün reallaşması rəmzi və tarixi məna kəsb edir.

1882-ci ildə "Sanayi-i Nefise Mektebi" adı ilə əsası qoyulan Memar Sinan Gözəl Sənətlər Universiteti Türkiyənin ilk incəsənət ali məktəbi kimi tanınır. Universitet memarlıq, təsviri incəsənət, dizayn və şəhərsalma sahələrində dərin elmi ənənəyə, güclü professor-müəllim heyətinə və beynəlxalq akademik əlaqələrə malikdir.

Tarixi kampusu, zəngin akademik məktəbi və yaradıcılıq mühiti ilə seçilən ali təhsil ocağı Türkiyədə memarlıq təhsilinin formalaşmasında mühüm rol oynayıb və bu gün də regionun ən nüfuzlu incəsənət universitetlərindən biri hesab olunur.

Naxçıvan Dövlət Universitetində də memarlıq və incəsənət istiqamətləri son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Universitetdə memarlıq, dizayn və təsviri incəsənət sahələrində müasir tədris infrastrukturu yaradılıb, studiya və emalatxanalar yenilənib, tələbələrin yaradıcılıq potensialının inkişafı üçün geniş imkanlar formalaşdırılıb.

Seçilən
72
2
aznews.az

4Mənbələr