AZ

Xəstələri aparan yaxınlarının avtomobilləri niyə xəstəxanalara buraxılmır? – ATU-nun Tədris Cərrahiyyə Klinikasından şikayət – FOTOFAKT

Beş gün əvvəl yaşadığımız ərazi üzrə poliklinikanın göndərişinə əsasən atamı kardiologiya və travmatologiya şöbələrinə müayinə üçün apardım. Atamın hər iki ayağı amputasiya olunub. Xəstəxanaya böyük çətinliklə daxil ola bildim, amma əsas problem bundan sonra başladı. Əlil arabası ilə xəstəxananın həyətində hərəkət etmək demək olar ki, mümkünsüz idi. Xəstələrin dərdinə çarə olan həkimlərimizin avtomobillərinə ayrılmış geniş yerlər arasında əlil arabasının keçməsi üçün kifayət qədər sahə tapılmırdı.

Məcbur qalıb çıxış yolunu xəstəxanaya gələn insanlardan kömək istəməkdə gördüm. Əlil arabasını başımızın üstünə qaldıraraq avtomobillərlə dolu “dəmir dağları” aşdıq və nəhayət xəstəxananın girişinə çatdıq. O an sanki həyatda böyük bir uğur qazanmış kimi hiss etdim. Oradan travmatologiya şöbəsinə keçdim və eyni mənzərə ilə yenidən qarşılaşdım.

Mühafizə əməkdaşı bildirdi ki, avtomobillə həyətə daxil olmaq olmaz. Səbəbini soruşduqda isə konkret izah verilmədi. Həyətdə olan avtomobillərin isə həkimlərə məxsus olduğu və onların işə gəlib maşınlarını harada saxlamalı olduqları əsas gətirildi. Mühafizənin istehzalı cavabları vəziyyəti daha da ağırlaşdırdı. Burada da yenidən avtomobil “dağlarını” aşaraq qəbul şöbəsinə çatmağa məcbur oldum.

Dörd gün sonra yolum yenidən Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına düşdü. Bu dəfə uşaq əməliyyatı üçün gəlmişdim. Özünü yüksək vəzifə sahibi kimi təqdim edən mühafizə əməkdaşı dərhal qarşısımı kəsərək içəri daxil olmağın mümkün olmadığını bildirdi. Xəstə gətirdiyimi və əməliyyat üçün gəldiyimi desəm də, “maşını çöldə saxlayın, piyada gedin” cavabını aldım.

Maraq doğuran sualımı verdim: xəstəxananın həyətində dayanan, bəzilərinin dəyəri yüz minlərlə manat olan avtomobillər niyə içəri buraxılır, biz isə yox? Cavab yenə eyni oldu – onlar həkimlərindir. Həkimlərin avtomobillərinə yer tapıldığı halda, xəstənin xəstəxanaya çatmaqda çətinlik çəkməsi hansı məntiqə sığır? Əgər xəstə bu səbəbdən gecikər və həyatı təhlükəyə düşərsə, bunun məsuliyyəti kimdə olacaq?

Ayağımın zədələndiyini və əsayla hərəkət etdiyimi bildirsəm də, mühafizə əməkdaşı buna məhəl qoymadı. Məcbur qalıb kiməsə zəng etdi ki, bəlkə icazə verərlər. Telefonda olan şəxs isə “buraxma, yer yoxdur” dedi. Halbuki həyətdə kifayət qədər boş sahə görünürdü.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının qarşısında yerləşən və “Semaşka” kimi tanınan xəstəxananın dayanacaq ərazisinə yaxınlaşdım. Orada da şlaqbaum qoyulmuşdu və bildirildi ki, yalnız həkimlərə verilmiş xüsusi nömrə icazəsi olan avtomobillər daxil ola bilər. Qeyd etdim ki, bu ərazi dövlət tərəfindən xəstə və xəstə yaxınları üçün nəzərdə tutulmalıdır. Lakin “mənlik deyil” cavabını aldım.

Nəticədə məcbur qalıb avtomobili yol kənarında saxladım və buna görə 50 manat cərimə ödədim. Şəkillərini göndərdiyim avtomobillərin dayandığı ərazi məhz Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həyətidir.

Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək şikayətimi bildirdim. Mənə dedilər ki, baş həkimə müraciət edim, avtomobil saxlamaq üçün yer təmin ediləcək. Bəs xəstəxanaya gələn hər bir vətəndaş əvvəlcə qaynar xəttə zəng edib şikayət etməlidirmi ki, elementar hüququndan istifadə edə bilsin?

Məcbur qalıb redaksiyanıza müraciət edirəm ki, aidiyyəti qurumlar tərəfindən bu məsələyə baxılsın və müvafiq tədbirlər görülsün. Cənab Prezidentin dəfələrlə çıxışlarında bildirdiyi kimi, məmurlar hər bir vətəndaşın yanında olmalı, vəzifə səlahiyyətlərindən sui-istifadə etməməlidirlər. Bu çağırışlar yalnız dinləmək üçünmüdür, yoxsa icra olunmaq üçün?

Ümid edirəm ki, yazılanlardan nəticə çıxaran olar və ömrünün böyük hissəsini xəstəxana qapılarında keçirən xəstə və xəstə yaxınlarının vəziyyəti az da olsa nəzərə alınar.

Tural Məmişov

 

 

Seçilən
11
heftelik.az

1Mənbələr