AZ

Etibarnamə ilə bağlı nələri bilməliyik? - Hüquqşünasdan AÇIQLAMA

Təmsilçilik institutu mülki hüquqda şəxslərin öz hüquq və vəzifələrini başqa şəxs vasitəsilə həyata keçirməsinə imkan verən mühüm mexanizmdir və xüsusilə daşınmaz əmlakla bağlı əməliyyatlarda verilən etibarnamənin həcmi və hüquqi sərhədləri qanunvericiliklə dəqiq müəyyən edilir. Bəs etibarnamə əsasında verilən səlahiyyətlərin çərçivəsi necə müəyyən olunur və təmsilçi bu səlahiyyətlərdən hansı həddə qədər istifadə edə bilər?

Bu barədə hüquqşünas Vüsal Cəfərov Missiya.Az-a danışıb.

"Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər",- hüquqşünas bildirib.

Vüsal Cəfərovun sözlərinə görə, bir şəxsin mülkiyyətində olan daşınmaz əmlakla bağlı səlahiyyətlərini (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, və sair) digər şəxsə vermək üçün notarius tərəfindən təsdiqlənmiş etibarnamə Daşınmaz əmlaka sərəncam etibarnaməsi adlanır və bu etibarnamə xüsusi etibarnamədir. Bu etibarnamə ilə etibar olunan şəxs etibar edən şəxsin adından daşınmaz əmlakla bağlı bütün hərəkətləri icra edə bilər. Etibar olunan şəxsin səlahiyyətlərinin sərhədlərini etibar edən şəxs müəyyən edir. Misal üçün etibar edən şəxs daşınmaz əmlakın ancaq ipotekaya qoyulması haqqında səlahiyyət verə bilər, özgəninkiləşdirmə səlahiyyətini verməyə bilər. Belə olan halda da ümumi səlahiyyətlərin göstərildiyi etibarnamə ilə (məsələn dövlət orqanında təmsilçilik, bank etibarnaməsi və.s) daşınmaz əmlakla bağlı səlahiyyətləri icra etmək olmaz.

"Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

Belə ki, təmsilçi (etibarnamə üzrə səlahiyyət verilmiş şəxs) etibarnamə üzrə ona verilən səlahiyyətlərdən istifadə edərək öz mənafeyinə uyğun əqdlər bağlaya bilməz. Eyni zamanda təmsil edilən şəxs etibarnamədən sui-istifadə etdiyi halda bu zaman təmsil edilən şəxsə ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır",-V.Cəfərov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
116
missiya.az

1Mənbələr