AZ

Türkiyə dövləti İsrailin Fələstin ərazisində torpaq qeydiyyatı planına etiraz etdi

İsrail hökuməti fevralın 15-də səhər saatlarında 1967-ci ildə Fələstin bölgəsini işğal etməsindən bu yana ilk dəfə olaraq işğal altındakı İordan çayının qərb sahilinin geniş ərazilərini “dövlət mülkiyyəti” kimi qeydiyyata alma təklifini təsdiqləyib.

Türkiyənin Xarici İşlər Nazirliyi yaydığı açıqlamada İsrailin işğal altındakı İordan çayının qərb sahilində torpaq qeydiyyatı ilə bağlı yeni qərarını kəskin şəkildə pisləyərək, bunu beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirib.

Nazirliyin açıqlamasında deyilir: “Fələstin xalqını öz torpaqlarından zorla çıxarmağı və İsrailin qanunsuz ilhaq addımlarını sürətləndirməyi hədəfləyən bu addım beynəlxalq hüququn açıq pozuntusudur və hüquqi qüvvəyə malik deyil. İsrailin işğal altındakı Fələstin torpaqları üzərində suverenliyi yoxdur.”

Türkiyə Xarici İşlər Nazirliyi B.Netanyahu hökumətinin həyata keçirdiyi genişlənmə siyasətinin sülh səylərinə zərbə vurduğunu və iki dövlətli həll perspektivini zəiflətdiyini vurğulayıb.

İki dövlətli həllə dəstək

Türkiyə dövləti beynəlxalq ictimaiyyəti İsrailin ərazidə faktiki işğal cəhdlərinə qarşı qəti mövqe nümayiş etdirməyə çağırış edib.

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyə 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan, coğrafi bütövlüyə malik, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcək.

İsrail dövlət yayım orqanı KAN təklifin ifrat sağçı Maliyyə naziri Bezalel Smotriç, Ədliyyə naziri Yariv Levin və Müdafiə naziri İsrael Katz tərəfindən təqdim edildiyini bildirib.

“Israel Hayom” qəzeti hökumətin qərarından əvvəl yazıb ki, ilkin məqsəd 2030-cu ilə qədər “C” zonasının 15 faizinin mərhələli şəkildə məskunlaşmaya açılmasıdır.

Qeyd edək ki, 1995-ci ildə imzalanmış “Oslo II” razılaşmasına əsasən, “A” zonası tam şəkildə Fələstin nəzarətindədir, “B” zonası Fələstinin mülki nəzarəti və İsrailin təhlükəsizlik nəzarəti altındadır, “C” zonası isə İordan çayının qərb sahilinin təxminən 61 faizini əhatə etməklə tam İsrail nəzarətində qalır.

“Oslo II” razılaşması Fələstin Administrasiyasının torpaq qeydiyyatını “A” və “B” zonaları ilə məhdudlaşdırır, “C” zonasında isə bunu qadağan edir.

Seçilən
43
veteninfo.az

1Mənbələr