AZ

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Bakıda Serbiya Respublikasının milli bayramı – Dövlətçilik Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç ölkəsinin dövlətçilik tarixindən danışıb, iki ölkə arasında münasibətlərinin illər ərzində ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Səfir son illərdə Bakı ilə Belqrad arasında siyasi münasibətlərin daha da fəallaşdığını, bu prosesin iqtisadi əməkdaşlığın dərinləşməsi və ticarət dövriyyəsinin artımı ilə paralel getdiyini bildirib. Serbiya ilə Azərbaycan arasında formalaşmış sıx və əhəmiyyətli əməkdaşlığın, eləcə də dostluq əlaqələrinin gələcəkdə də davam edəcəyinə inamını ifadə edib.

Azərbaycanın maliyyə naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev son illərdə iki ölkə arasında əməkdaşlığının ticarət, investisiya, energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı, sosial siyasət, mədəniyyət və humanitar sahələri əhatə edən geniş spektr üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Serbiyanın ölkəmizin əsasən qeyri-neft sektoruna yönəlmiş investisiyalarının artması, eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun Serbiyanın maliyyə alətlərinə yatırdığı investisiyaların həcminin yüksəlməsi iki ölkə arasında qarşılıqlı etimadın və tərəfdaşlığın möhkəmləndiyini aydın şəkildə nümayiş etdirir.

Energetika sahəsində əməkdaşlıq da xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır. S.Babayev nəqliyyat və logistika sahəsində, o cümlədən tranzit daşımalar üzrə əməkdaşlığın genişlənməsini də müsbət qiymətləndirib. Vurğulayıb ki, 2025-ci ildə tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə artıb. 2026-cı ildən etibarən Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşların başlanması isə iqtisadi, turizm və humanitar əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək.

Nazir, həmçinin Azərbaycan-Serbiya əməkdaşlığının inkişafında Hökumətlərarası Birgə Komissiyanın mühüm rol oynadığını da qeyd edib. Bildirilib ki, 2025-ci ilin oktyabr ayında Belqrad şəhərində keçirilmiş Komissiyanın 9-cu iclası ikitərəfli münasibətlər baxımından əhəmiyyətli olub və iclasın yekunlarına dair imzalanmış protokol ticarət və investisiyalar, energetika və sənaye, nəqliyyat-logistika, eləcə də biznes dairələri arasında təmaslar kimi konkret istiqamətləri əhatə edib.

Seçilən
29
3
azertag.az

4Mənbələr