AZ

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub

Bu gün Bakıda Serbiya Respublikasının milli bayramı – Dövlətçilik Gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç ölkəsinin dövlətçilik tarixindən danışıb, iki ölkə arasında münasibətlərinin illər ərzində ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Səfir son illərdə Bakı ilə Belqrad arasında siyasi münasibətlərin daha da fəallaşdığını, bu prosesin iqtisadi əməkdaşlığın dərinləşməsi və ticarət dövriyyəsinin artımı ilə paralel getdiyini bildirib. O, Serbiya ilə Azərbaycan arasında formalaşmış sıx və əhəmiyyətli əməkdaşlığın, eləcə də dostluq əlaqələrinin gələcəkdə də davam edəcəyinə inamını ifadə edib.

Maliyyə naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev səfiri və Serbiya xalqını bu ölkənin milli bayramı – Dövlətçilik Günü münasibətilə Azərbaycan hökuməti adından təbrik edib.

İki ölkə arasında imzalanmış 57 sənədin ikitərəfli əməkdaşlığın güclü hüquqi bazasını təşkil etdiyini diqqətə çatdıran nazir münasibətlərin strateji xarakter almasında Prezident İlham Əliyev və Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç arasında formalaşmış açıq, səmimi və qarşılıqlı anlaşmaya əsaslanan əlaqələrin rolunu vurğulayıb. Nazir xüsusilə dövlət başçıları tərəfindən 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsini, 2018-ci ildə qəbul edilmiş Birgə Fəaliyyət Planını və 2022-ci ildə yaradılmış Strateji Tərəfdaşlıq Şurasını qeyd edib.

S.Babayev son illərdə Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın ticarət, investisiya, energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı, sosial siyasət, mədəniyyət və humanitar sahələri əhatə edən geniş spektr üzrə inkişaf etdiyini qeyd edib. O bildirib ki, Serbiyanın Azərbaycanın əsasən qeyri-neft sektoruna yönəlmiş investisiyalarının artması, eyni zamanda Azərbaycan Dövlət Neft Fondunun Serbiyanın maliyyə alətlərinə yatırdığı investisiyaların həcminin yüksəlməsi iki ölkə arasında qarşılıqlı etimadın və tərəfdaşlığın möhkəmləndiyini aydın şəkildə nümayiş etdirir.

Energetika sahəsində əməkdaşlıq da xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır. Nazir nəqliyyat və logistika sahəsində, o cümlədən tranzit daşımalar üzrə əməkdaşlığın genişlənməsini də müsbət qiymətləndirib. Vurğulanıb ki, 2025-ci ildə tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə artıb. 2026-cı ildən etibarən Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşların başlanması isə iqtisadi, turizm və humanitar əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək.

Nazir Azərbaycan–Serbiya əməkdaşlığının inkişafında Hökumətlərarası Birgə Komissiyanın mühüm rol oynadığını da qeyd edib. Bildirilib ki, 2025-ci ilin oktyabr ayında Belqrad şəhərində keçirilmiş Komissiyanın 9-cu iclası ikitərəfli münasibətlər baxımından əhəmiyyətli olub və iclasın yekunlarına dair imzalanmış protokol ticarət və investisiyalar, energetika və sənaye, nəqliyyat-logistika, eləcə də biznes dairələri arasında təmaslar kimi konkret istiqamətləri əhatə edib.

Seçilən
9
4
far.az

5Mənbələr