Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çinli həmkarı Van İ ilə sülhə dair səyləri və Pekinin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasındakı rolunu müzakirə edib.
"Far.Az" xəbər verir ki, bu barədə ukraynalı nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Münxendə Çin xarici işlər naziri Van İ ilə məzmunlu və səmərəli görüşüm oldu. Biz qarşılıqlı faydalı ticarətin və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında ikitərəfli əlaqələrin inkişaf yollarına diqqət yetirdik", - o qeyd edib.
A.Sibiqa Kiyevin Çin ilə ən yüksək səviyyədə əlaqələrin saxlanmasında maraqlı olduğunu təsdiqləyib.
"Biz sülhə dair səyləri və Çinin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasındakı rolunu müzakirə etdik. Çinli həmkarımı döyüş meydanındakı vəziyyət, Rusiyanın enerji sistemimizə hücumları və zərbələri nəticəsində Çin şirkətlərinə dəyən ziyan barədə məlumatlandırdım", - o vurğulayıb.
Ukrayna XİN başçısı, həmçinin enerji sahəsində əlavə humanitar yardım paketi vermək qərarına görə Pekinə təşəkkür edib: "Mən, həmçinin nazir Van İni Ukraynaya səfərə dəvət etdim və Çinə dəvətə görə ona təşəkkür etdim".