AZ

Vensin Bakı mesajı: İran kartı masadadır?

ABŞ-ın vitse-prezidenti J. D. Vancein Cənubi Qafqaza səfəri regionda mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir dövrə təsadüf edir. Yaxın Şərqdə artan gərginlik, eləcə də Rusiya–Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar fonunda Vaşinqtonun region ölkələri ilə təmasları xüsusi diqqət doğurur. Səfər çərçivəsində həm ikitərəfli münasibətlər, həm də regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilir. Bu kontekstdə İran amilinin gündəmə gəlib-gəlməməsi ilə bağlı suallar aktuallaşıb.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ vitse-prezidentinin həm Ermənistana, həm də Azərbaycana səfəri regionun artan strateji əhəmiyyətindən qaynaqlanır:

“44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıq Cənubi Qafqazda güc balansını dəyişib və Azərbaycan regionun əsas söz sahibinə çevrilib. Azərbaycanın coğrafi mövqeyi və balanslaşdırılmış xarici siyasəti fonunda İran ətrafında gedən proseslərin Bakıda müzakirə olunması mümkündür və bu, təbii qarşılanmalıdır. Eyni zamanda, rəsmi Bakının mövqeyi aydındır: İrana qarşı mümkün hərbi müdaxilə Azərbaycanın maraqlarına uyğun deyil və ölkə öz ərazisinin bu məqsədlər üçün istifadəsinə razılıq verməyəcək. Bu yanaşma Azərbaycanın suveren qərarvermə prinsipinə, regional sabitliyə və mehriban qonşuluq siyasətinə sadiqliyindən irəli gəlir”.

Məhərrəmli vurğulayıb ki, hazırda ABŞ və İran arasında diplomatik təmasların davam etməsi bölgədə gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, danışıqların müsbət nəticə verməsi Cənubi Qafqazda da sabitliyə töhfə ola bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
149
editor.az

1Mənbələr