AZ

Bizim nəslin günahı nə idi?!

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Dövlət Təhlükəsizliyi Xidməti rəsmi məlumat yaydı. Eyni zamanda bəzi məlumatlar və səs yazıları da açıqlandı. Bu xəbərlər telekanallardan birində belə təqdim olundu: "Ölkə silkələndi".

Sözün düzü, mən silkələnmədim. Bu cür rəsmi məlumatı, bu qəbildən görüntüləri gözləyirdim. Azərbaycanda dövlət çevrilişinə cəhd və dövlətə xəyanət ittihamları ilə həbslər ilk dəfə baş vermir. Belə məzmunda məlumatların yayılması da birinci dəfə deyil.

Məni ən çox təsirləndirən bu dəfəki hadisələrdə həbs edilmiş və ittiham olunan şəxslərin bəziləri ilə bir zaman çox yaxın olmağımdır. Mən bəlkə bunu əvvəllər də yazmışam. Bu insanlarla keçmişdə tələbəlik yoldaşı, hətta dost olmuşuq. Tələbə hərəkatında, milli-azadlıq hərəkatında birgə mübarizə aparmışıq, eyni siyasi təşkilatda təmsil olunmuşuq. 2008-ci ildə isə mən siyasətdən çəkilmişəm, jurnalistikaya, ədəbi yaradıcılığa üz tutmuşam.

Bütün bunları düşünəndə insan çox qəribə, ağır hisslər keçirir. Məsələ mənim ittihamlara inanıb-inanmağımda deyil. Mən nəyin doğru, nəyin yanlış olduğuna qiymət verə bilmərəm. Bunlar kompetent araşdırma işidir. Bir də axə indi elə zamandır ki, heç kimin əvəzindən heç nəyə and içmək olmur. Mən, ümumiyyətlə, bu məsələni tarixin ixtiyarına buraxıram.

Sadəcə və sadəcə, bir şeyi demək istəyirəm: heyf bizim nəsildən! Biz milli davalarda böyümüş, müharibədən keçmiş, siyasi mübarizədə bərkimiş yaş nəsliyik (ya da nəsliydik!). İndilərdə yaşı gəlib 55-ə, 60-a, 65-ə çatanları nəzərdə tuturam.

Bizim nəsil Azərbaycanın müstəqilliyi üçün savaşın cavan qanı idi; dövlət ierarxiyasında bəlli zamanlarda daha təsirli mövqeyə gəlib, cəmiyyətin həyatında daha böyük rol oynamaq imkanı vardı.

Söhbət heç yüksək vəzifələrdən də getmir. Mən bir yazımda da yazmışdım: indi, məsələn, Milli Məclisin deputatlarına "millət vəkili" demək dəbdədir. Məncə, millət üçün faydalı ola bilən hər kəs - deputat mandatı oldu, ya olmadı, fərq etməz, əslində elə millət vəkilidir. Çoxlarımız, məsələn, deputat olmaq istədi, bunun üçün çalışdı, vuruşdu. Kimsə mandat aldı, kiməsə mandat verildi, kiməsə verilmədi. Hər halda mandat almağı istədilər, deputat olmaq istədilər, ancaq heç də hamımız mənim dediyim mənada MİLLƏT VƏKİLİ ola bilmədik.

İndi ən pisi bilirsiniz, nədir: adı Azərbaycanın müstəqilliyini simvolizə edəsi (buna haqqı olan) cəfakeş nəslin bəzi nümayəndələri ƏSKİ mənsəbpərəst, odioz kommunist bürokratla, qaçaq korrupsionerlə, xarici kəşfiyyatın Yusif Sərrac roluna itələdiyi uğursuz namizədlə - hər cür xırda ontiqrantla və hər cür siyasi diletantla bir sırada günahlandırılır. Həm də dövlət çevrilişində, dövlətə xəyanətdə!

Niyə?! Bizim nəslin nə günahı vardı?! Niyə o cür yüksək ideallarla aparılmış mübarizəni gətirib bir kəşfiyyat proyektinə caladılar?! Kim və niyə qıydı bizə?! Bunu edənlərin vicdanı heçmi ağrımadı?! Axı istiqlal üçün Meydan quran, Meydanlarda canını qaşığa qoymuş olan, 20 yanvarda rus tanklarının qarşısında duran, Qarabağda düşmənlə əliyalın döyüşən ən çox elə bizim yaş nəslimizdi!

İstər-istəməz düşünürsən: biz (bu yaş nəsli) harda səhv etdik?! Kimdə və necə yanıldıq?! Nəyə aldandıq?!

Mən etiraf edirəm, bəli, biz milli davada qalib gəlsək də, siyasi mübarizəni uduzduq. Ancaq bu qədər ağır məğlubiyyət çox ağrılıdır, üzücüdür.

Mən, indi siyasətdə deyiləm, ancaq, dediyim kimi, keçmişi də keçmişdə buraxmaq olmur axı; yaxşısı ilə, pisi ilə, doğrusu ilə, yanlışı ilə, biz bu dövrü yaşamışıq. Mən indi, sadəcə, keçmiş hərəkatçı və keçmiş siyasətçi kimi özümüzü sorğulayıram.

Bizim yaş nəsli qalib gələ bilmədi, anladım. Həyatdır, taledir, tarixdir, savaşda hər şey olur. Güc gücdən üstündür.

Qərəz, qalib olmağı bacarmadı bu nəsil. Bunu başa düşürəm. Bəs məğlub olmağı niyə bacarmadı?! Mən bütövlükdə 1980-90-cı illərin mübarizə nəslini deyirəm. Bizim nəsil bu cür uduzmamalı idi. Çünki biz buna layiq deyildik!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
bizimyol.info

1Mənbələr