ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra İranla danışıqların davam etdirilməsində israr etdiyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Ev rəbəri bunu "Truth Social" hesabında yazıb.
“İsrailin Baş naziri Netanyahu və onun nümayəndələri ilə görüşü başa vurdum. Biz heç bir konkret nəticə əldə etməmişik, yalnız mən İranla danışıqların davam etdirilməli olduğunu və razılaşmanın əldə edilib-edilməyəcəyini yoxlamaq üçün təkid etdiyimi bildirdim. Əgər bu mümkün olsa, Baş nazirə bunun üstünlük verilən variant olduğunu bildirdim. Əgər yox, nəticənin necə olacağını görməli olacağıq. Keçən dəfə İran razılaşma bağlamamağın daha sərfəli olduğuna qərar verdi və "Gecəyarısı çəkici" ilə üzləşdi, bu variant onlar üçün işləmədi. Ümid edirəm ki, bu dəfə daha ağıllı və məsuliyyətli olacaqlar. Bundan əlavə, Qəzzada və ümumilikdə regionda əldə olunan böyük irəliləyişi müzakirə etdik. Yaxın Şərqdə həqiqətən sülh hökm sürür", - Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib.
Görüşdə ABŞ dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner, eləcə də səfir Mayk Hakabi də iştirak ediblər.
İsrail nümayəndə heyətinə isə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, müdafiə naziri Roman Hoffman, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Baş nazirin yeni Aparat rəhbəri Maykl Ayzenberq və siyasi müşavir Ofir Falk daxil olublar.