AZ

Son günlərin qalmaqallı xəbəri təsdiqləndi: Azərbaycanda avaralara cərimə var imiş

Son günlər sosial şəbəkələrdə yayılan bir məlumat geniş müzakirələrə səbəb olub. 

İddiaya görə, bir nəfər “avaralıqla məşğul olmaq” səbəbilə 20 manat məbləğində cərimələnib. Hadisənin hüquqi əsasları, “avaralıq” anlayışının qanunvericilikdə necə tənzimləndiyi və tətbiq edilən cərimənin nə dərəcədə əsaslı olduğu isə ictimaiyyətdə suallar yaradıb. 

Bəs qanunvericiliyə əsasən kimlər avara hesab olunur? Avaralıq dedikdə nə nəzərdə tutulur? Qanunvericilikdə avara olmağın cəriməsi nə qədərdir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, avaralıqla bağlı cərimə müəyyən şəxslərə aid edilir: 

“Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bir şəxsin avaralıqla məşğul olması səbəbindən inzibati qaydada 20 manat cərimə olunması barədə məlumatlar yayılmışdı. Bu isə müəyyən ictimai müzakirələrə səbəb olub və vətəndaşlarda bu məsələ ilə bağlı suallar yaradır. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində avaralıq edən şəxslərin 20 manat cərimə olunması, hətta əcnəbi şəxslərin ölkədən çıxarılması kimi qaydalar müəyyən edilib. 

Avaralıq dedikdə, həmin maddədə göstərildiyi kimi, faktiki yaşayış yeri məlum olan, daimi yaşayış yeri olmayan, ictimai fəaliyyətlə məşğul olmayan, iş yeri olmayan və dilənçiliklə məşğul olan şəxslər nəzərdə tutulur. Bu şəxslər barədə sözgedən maddəyə əsasən protokol tərtib olunaraq cərimə tətbiq edilə bilər”. 

Onun sözlərinə görə, avaralıq Sovet dövründən qalan bir məsələdir:

“Həmin dövrdə işləməyən, əmək fəaliyyətində iştirak etməyən, tərbiyəsiz həyat tərzi sürməyə maraqlı olan şəxsləri cəzalandırmaq məqsədilə belə müddəalar tətbiq olunurdu. Bu maddə qanunvericilikdə və adət-ənənələrdə qalmış bir müddəadır. Bu gün həmin maddə çox nadir hallarda tətbiq olunur. Amma qanunvericilikdə təsbit edildiyi üçün maddənin tələblərinə uyğun olan şəxslər barədə cərimə tətbiq edilə bilər”.

Hüquqşünas qeyd edib ki, yalnız müəyyən şəxslə bu maddənin təsiri altına düşür: 

“Təsəvvür edək ki, şəxs heç yerdə işləmir, ictimai fəaliyyətlə məşğul deyil, müəyyən və daimi yaşayış yeri yoxdur və arada bir dilənçiliklə məşğul olur. Belə şəxslər həmin maddənin təsiri altına düşür. 

Əgər şəxs heç yerdə işləmirsə, amma iş axtarışı ilə bağlı müəyyən fəaliyyətlər göstərirsə və müvafiq orqanlarda iş axtaran şəxs kimi qeydiyyatdan keçibsə, belə halda maddənin təsiri altına düşmür. 

Əgər şəxs rəsmi işdə çalışırsa, hətta qeyri-rəsmi olsa da müəyyən fəaliyyətlə məşğuldursa və ya iş axtaran kimi qeydiyyatda varsa, bu halda həmin maddənin təsiri altında deyil və cərimə tətbiq oluna bilməz”. 

Seçilən
162
14
cebheinfo.az

10Mənbələr