Fevralın 10-da ABŞ-ın P-8A Poseidon sualtı qayıq əleyhinə döyüş təyyarəsi və uzun mənzilli MQ-4C Triton PUA-sı İranın cənub-şərq sahillərində çoxsaatlıq uçuş həyata keçirib.
Herbiand.az-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu Flightradar24 aviasiya resursunun məlumatları təsdiqləyir.
P-8A Poseidon təyyarəsi Bəhreyndə Şeyx İsa hava bazasından havaya qalxıb. Bir neçə saatlıq əməliyyat zamanı o, Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən Hörmüz boğazı üzərindən uçub. Daha sonra MQ-4C Triton PUA-sı İranın cənub-şərq sahillərində yerləşən Oman körfəzindəki beynəlxalq sular üzərində uzunmüddətli kəşfiyyat uçuşu həyata keçirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul təyyarələri və PUA-ları Hörmüz boğazında, Fars körfəzində və Oman körfəzində vəziyyəti izləmək üçün müntəzəm olaraq istifadə olunur.