AZ

ABŞ vitse prezidentinin “erməni soyqırımı” paylaşımı silindi Ağ Ev geri addım atdı

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri zamanı onun adından edilən və 1915-ci il hadisələrinin “soyqırımı” kimi təqdim olunduğu sosial şəbəkə paylaşımı Ağ Ev tərəfindən silinib. Rəsmi Vaşinqton paylaşımın səhvən edildiyini və bunun ABŞ administrasiyasının mövqeyini əks etdirmədiyini bildirib.

“AzPolitika” Reuters”in yaydığı məlumatına istinadla xəbər verir ki, Vensin “X” sosial şəbəkəsindəki rəsmi hesabında İrəvandakı Tsitsernakaberd memorialına səfərin “1915-ci il erməni soyqırımının qurbanlarını yad etmək” məqsədi daşıdığı qeyd olunmuşdu. Lakin paylaşım qısa müddət sonra silinib. Vensin köməkçisi jurnalistlərə bildirib ki, post səfər heyətinə daxil olmayan əməkdaşlar tərəfindən səhvən paylaşılıb.

Qeyd edək ki, bu səfər ABŞ vitse-prezidentinin Cənubi Qafqaz ölkəsinə ilk rəsmi səfəri kimi tarixə düşüb. Vens və həyat yoldaşı Uşa Vens memorial kompleksdə qərənfil, xrizantema və qızılgül dəstələrindən ibarət əklil qoyma mərasimində iştirak ediblər. Bununla belə, Vens jurnalistlərə verdiyi açıqlamalarda “soyqırımı” ifadəsini işlətməyib.

Ağ Evin açıqlamasında bildirilib ki, Vensin sosial şəbəkə hesabı əsasən onun fəaliyyətindən foto və videolar paylaşmaq üçün idarə olunur və vitse-prezidentin mövqeyi yalnız öz rəsmi açıqlamaları ilə ifadə olunur. Vaşinqton eyni zamanda vurğulayıb ki, ABŞ-nin mövqeyində hər hansı dəyişiklik yoxdur və bu mövqe Prezident Donald Trampın 2025-ci ildə verdiyi bəyanata uyğundur. Həmin bəyanatda da “soyqırımı” termini işlədilməmişdi.

Maraqlıdır ki, bu, Tramp administrasiyası dövründə sosial media paylaşımlarının silinməsi ilə bağlı ikinci qalmaqallı hadisədir. Bir neçə gün əvvəl Ağ Ev əvvəlcə Trampın “Truth Social” hesabında paylaşılan və keçmiş Prezident Barak Obama ilə həyat yoldaşı Mişel Obamanın irqi təhqir xarakterli təsviri yer alan videonu müdafiə etmiş, daha sonra isə silmişdi.

Məsələ Türkiyə ilə münasibətlər fonunda da diqqət çəkir. Türkiyə 1915-ci il hadisələrində ermənilərin həlak olduğunu qəbul etsə də, bu ölümlərin planlı şəkildə həyata keçirildiyini və “soyqırımı” xarakteri daşıdığını qəti şəkildə rədd edir.

ABŞ Konqresi və Trampın sələfi Co Bayden hadisələri “soyqırımı” kimi tanısa da, Tramp administrasiyası bu terminologiyadan yayınır. Türkiyə ABŞ-nin NATO üzrə əsas müttəfiqlərindən biri olaraq qalır və Prezident Rəcəb Tayyib Ərdoğan Tramp ilə yaxın siyasi əlaqələr saxlayır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
azpolitika.info

1Mənbələr