AZ

Ağ qar və yeddi cırtdan

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Akif Abbasov

(nağıl-ingilis dilindən tərcümə)

I Hissə

Biri vardı, biri yoxdu, bir balaca bir şahzadə var idi... Ona Ağ Qar deyirdilər, çünki o, qar kimi ağ idi. Dodaqları isə qan kimi qırmızı idi. Saçları da gecə kimi qara. O, gözəl, şirin və mülayim bir qız idi.

Qız, sarayda atası və ögey anası ilə birlikdə yaşayırdı:

Analığı Kraliça da gözəl bir qadındı, amma yaramaz və təkəbbürlü.

Kraliçanın bir sehrli güzgüsü vardı. O hər gün sehrli güzgüsünə baxıb soruşardı:

- Güzgü, divardakı güzgü, hamından ən gözəl olan kimdir?

Güzgü də cavabında deyərdi:

- Kim olacaq, əlbəttə, sən! Mənim Kraliçam, sən! Sən hamıdan gözəlisən.

Zaman keçir, balaca Qar Qız gözəl bir gənc xanım olur. Hamı onu sevir.

Bir səhər Kraliça yenə də sehrli güzgüsündən soruşdu:

- Güzgü, divardakı güzgü, hamının gözəli olan xanım kimdir?

Güzgü cavab verdi:

- Mənim Kraliçam, əlbəttə sən! Amma Qar Qız səndən daha gözəldir. Doğru sözümdür.

Kraliça qəzəbləndi! Dəhşətli bir cinayət planlaşdırdı. O, bir ovçunu yanına çağırıb ona buyurdu:

- Qar Qızı meşənin dərinliyinə aparın... və öldürün!

Güzgü özünü saxlaya bilmədi. Qıza yazığı gəldi:

- Amma... Əlahəzrət! Axı o, sevimli Şahzadədir! - dedi.

Kraliça sözündən dönmədi, buyurdu:

- Qar Qızı öldürün! Ürəyini çıxarın,”

II Hissə

- Ovçu Qar Qızı meşənin dərinliklərinə apardı. Üzrxahlıq elədi:

- Bağışla məni, şahzadəm... Kraliçadan səni öldürmək əmri aldım! Amma mən bunu edə bilmərəm!” - dedi.

Qar Qız:

- “Ay Allahım!” - deyə çığırdı, - meşəyə qaçacam və bir daha geri dönməyəcəyəm.

Qar Qız bunu deyib qaranlıq meşədə gözdən itdi. O, çox qorxmuşdu. Az getdi, çox getdi, axırda kiçik bir ev tapdı. Qapı açıq idi. İçəri girdi.

Şam yeməyi üçün kiçik bir masa açılmışdı: yeddi kiçik stul, yeddi kiçik kasa, yeddi kiçik qaşıq, yeddi kiçik bıçaq, yeddi kiçik çəngəl və yeddi kiçik fincan.

Qar Qız ac və susuz idi. O, düşündü:

- Hər kasadan bir az çörək alacağam. Hər fincandan bir az şərab içəcəyəm.

Dediyinə əməl elədi. Özünü çox yorğun hiss edirdi. Odur ki, yeddi kiçik çarpayılardan birinə uzandı və yuxuya getdi. Səhər oyananda evin yeddi sahibinin dayanıb ona baxdıqlarını gördü. Onlar yeddi cırtdan idilər. Qıza müraciətlə:

- Sən kimsən? - deyə soruşdular.

Qız:

- Mənim adım Ağ Qardır, - deyə cavab verdi. Sonra onlara Kraliça haqqında olub keçənləri danışdı.

Cırtdanlar:

- Şahzadə Ağ Qar, burada, bizim yanımızda qala bilərsən, - dedilər. Soruşdular:

- Yemək bişirməkdə, təmizlik etməkdə bizə kömək edərsənmi?!

Qız sevinclə:

- Əlbəttə! - dedi. - Mən yemək bişirə, paltar yuya bilirəm. Yataq sala bilərəm...- dedi.

Cırtdanlar:

- Amma xahişimiz budur ki, unutmayasan: yad adamlara heç zaman qapı açma! Nəbadə, - dedilər. - Yoxsa kraliça gəlib səni tapar.

III Hissə

Kraliça sehrli güzgüsündən elə hey soruşmaqda idi:

- Güzgü, divardakı güzgü, hamıdan gözəl kimdir?

Güzgü cavabında deyirdi:

- Mənim Kraliçam, gözəl sənsən. Amma Qar Qız səndən daha gözəldir. Gözəllər gözəli! Doğru sözümdür! O, dağlarda yaşayır. O sağdır, ölməyib.

Kraliça özündən çıxdı. Öz-özünə: “Qar Qızı mən özüm öldürəcəyəm!” - deyə düşündü.

O, ölümcül zəhər hazırladı. Sonra zəhəri qırmızı bir almanın içinə töküb köhnə paltar geyindi, dağlardakı kiçik evə getdi. Qapını döyüb səsləndi: Alma! Alma! Şirəli alma! Alma satılır!

Qar Qız cavab verdi:

- Bağışlayın, xanım. Tanımadığım şəxslərə qapı aça bilmərəm. Tapşırıq belədir.

Kraliça dil tökdü:

- Ah, mən sadəcə qoca bir qadınam! Məndən sənə ziyan gəlməz. Pəncərəni açıb bir alma götürün.

Qar Qız pəncərəni açdı, almanı götürdü və dişlədi. Dərhal da yerə yıxıldı!

Kraliça öz-özünə: “İndi mən hamıdan gözələm. Ha, ha, ha!”

O bunları deyib yoxa çıxdı.

Saraya qayıdan Kraliça sehrli güzgüyə yaxınlaşaraq dedi:

- Güzgü, divardakı güzgü, hamıdan gözəl olan kimdir?

Güzgü cavab verdi:

- Sən, mənim Kraliçam! Sənsən! Hamıdan gözəl sənsən!

Yaramaz Kraliça indi xoşbəxt idi, çünki sehrli güzgü heç vaxt yalan danışmırdı.

IV Hissə

Yeddi Cırtdan Ağ Qarı yerdə ölmüş vəziyyətdə tapdılar. Onun şərəfinə şüşə tabut düzəldib dağın başına qoydular.

Bir gün cavan bir şahzadə qızı görmək üçün ayaq saxladı. Dağın başına çıxıb qıza tamaşa etdi və Ağ Qara aşiq oldu. Özünü saxlaya bilməyib qızı öpdü. Bir öpüşlə o, Ağ Qarı həyata qaytardı!

Ağ Qar və Şahzadə təntənəli toy etdilər. Hər kəs şənliyə dəvət edildi. Hətta yaramaz Kraliça belə!

Həmin gecə Kraliça Ağ Qarı sağ-salamat görəndə paxıllıq və nifrətindən ürəyi partlayıb yerə yıxıldı.

Şahzadə və Şahzadə sonsuzluğa qədər xoşbəxt yaşadılar...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
reyting.az

1Mənbələr