Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın Avrasiya məkanına dair yanaşmalarını diktə etməyə cəhd göstərdiyini bildirib.
Editor.az xəbər verir ki, Sergey Lavrov Rusiyanın NTV telekanalına verdiyi müsahibədə Avropanın Rusiyanın Mərkəzi Asiya və Qafqaz ölkələri ilə mövcud əməkdaşlığını açıq şəkildə pozmağa çalışdığını vurğulayıb.
“Avropa hələ də Avrasiya qitəsinə münasibətdə öz yanaşmalarını diktə etməyə, Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında, eləcə də Qafqazdakı dostlarımızla formalaşmış təbii əməkdaşlıq proseslərinə müdaxilə etməyə və onlara açıq-aşkar zərər vurmağa çalışır”, — deyə Lavrov qeyd edib.
Rus diplomat həmçinin avropalıların Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını (QDİƏT) nəzərə almadan Qara dəniz regionuna doğru irəliləməkdə davam etdiklərini bildirib. Onun sözlərinə görə, Qərb ölkələri oxşar siyasəti Arktika bölgəsində də həyata keçirir.
//Gülnarə Abasova, Editor.az