AZ

Dambrauskas: “Araz”a daha çox qol vura bilərdik” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 19-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Möhtəşəm qalibiyyət idi. Futbolçularım necə istəkli, necə ac olduqlarını bu gün göstərdilər. Məğlub etdiyimiz “Zirə” və “Araz-Naxçıvan” top komandalardır. Heyətində çox təcrübəli oyunçular var. Azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. Matçlarımıza daha çox azarkeşlərin gəlməsini istəyərdim. Sayları bu gün az idi. Qollar vurulanda bunun canlı şahidi olmalarını istəyərdim. Artıq 1-ci hissənin 16-cı dəqiqəsinə qədər 3 qol vurmuşduq. Daha çox qol vura bilərdik. İkinci hissəni yaxşı səviyyədə keçirdik. Dördüncü qolumuz möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı da toxunulmaz saxlayaq. Artıq biz bu oyunu unudub, öz işimizə qayıdırıq. Qarşıdakı matç bizim üçün ən önəmlisidir.

Komandamın 10 qol vurmasını istəyərdim. Amma bu qədər qol vurmaq mümkün deyil. Hər halda, 4:1 qalib gəldik, bu da yaxşıdır. Artıq futbolda 2-3 qol vurmaq yaxşı nəticədir. Çünki rəqiblər də 10 qol buraxdıqdan sonra sənin qarşını almağa çalışırlar. Birinci hissədə necə təzyiq edirdik, nələr edirdik… Hər oyunda 4 qol vurmaq da mümkün deyil. Əvvəllər oyunları 0:0, 1:1 edəndə sual verirdiz ki, niyə məhsuldar deyil?”

“Qarabağ”a, gördükləri işə böyük hörmətlə yanaşıram, amma…”

Dambrauskas “Qarabağ”ın “Neftçi” ilə qarşılaşmasının mümkün təxirə salınması qərarına dair danışmaqdan imtina edib:

“Mən istəməzdim ki, bu suala cavab verim. Çünki mən “Qarabağ”ın baş məşqçisi deyiləm, orada işləmirəm. “Sabah”ın baş məşqçisiyəm. Mən bura gəlmişəm ki, “Sabah” haqda suallara cavab verim. Nəyə görə daim “Qarabağ” haqda suallar verirsiniz? Bu məsələyə münasibət bildirmək istəmirəm. “Qarabağ” haqda soruşmaq istəyirsinizsə, onların oyuna gedib, baş məşqçisinə sual verə bilərsiniz. “Sabah”ın oyununa gəlirsiniz və mənə “Qarabağ” haqda sual verirsiniz. Bu, hardasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə “Qarabağ” mövcud deyil, başqa komandalar da var. Mən “Qarabağ”a, gördükləri işə böyük hörmətlə yanaşıram. Amma təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun. Biz oyun oynayırıq, siz isə “Qarabağ” və “Neftçi” haqda suallar verirsiniz”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
9
arena.az

10Mənbələr