Braziliya millisinin və “Real”ın 24 yaşlı braziliyalı cinah hücumçusu Rodriqo Qoes UEFA tərəfindən 2 oyunluq cəzalandırılıb.
Arena.az xəbər verir ki, buna görə də o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Benfika”ya qarşı keçirəcəkləri hər iki oyunu buraxmalı olacaq.
Buna 25 yaşlı vingerin ÇL-in Liqa mərhələsinin sonuncu turunda məhz “Benfika”ya uduzduqları matçda (2:4) ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.
UEFA braziliyalı oyunçunu hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib.
Xatırladaq ki, “Real”ın digər futbolçusu Cud Bellingem də zədə səbəbindən “Benfika” ilə pley-off matçlarında meydana çıxmayacaq. Bu oyunlar 17 və 25 fevralda baş tutacaq.
Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2019-cu ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsində nəzərdə tutulmuş təzminat haqqı isə 1 milyard avro məbləğindədir.
Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 26 oyuna 3 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqonun “Real”da çıxışının ümumi mənzərəsi 296 oyun, 71 qol və 57 məhsuldar ötürmədən ibarətdir.
Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heəytində 37 oyuna 9 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
