AZ

Kərim Benzema “Əl-İttihad”ı “Əl-Hilal”a dəyişdi – ARENA.AZ

Fransalı mərkəz hücumçusu Kərim Benzema “Əl-İttihad”dan ayrılaraq Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal”a keçib.

Arena.az bu barədə “Əl-Hilal”ın mətbuat xidmətinə istinadən xəbər verir.

38 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin 30 iyununadək müqavilə bağlayıb. O, “Əl-Hilal”a azad agent kimi qoşulub.

Benzema şəbəkə hesabındakı paylaşımında “Əl-İttihad”dakı dövrünü dəyərləndirib:

“Əl-İttihad”dakı səhifəm bağlanır. Klub rəhbərliyinə və hamıya təşəkkür etmək istəyirəm. Karyeramın bu mərhələsi mənə çox şey qazandırdı. Bu komandanın formasında meydana çıxmağımla qürur duyuram. Kluba gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram”.

Xatırladaq ki, Kərim Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulmuşdu. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”da 83 oyun keçirib, 54 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “qaymaqlılar”n heyətində 14 mövsüm keçirib. Benzema “Real”la ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.

Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.

Kərim Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.

Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı fransalı hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
7
arena.az

10Mənbələr