AZ

Qarabağ suvarma kanalı yenidən qurulur - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib. 

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən "Unikal"a verilən məlumata görə, iclasda İşçi qrupunun rəhbəri Rafiq Aslanov çıxış edərək bildirib ki, ölkənin ən böyük magistral suvarma kanalı olan Qarabağ suvarma kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun ümumilikdə 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir. O, həmçinin Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürülməsi hesabına müvafiq əkin sahələrinin su təminatına dəstək göstərildiyini, lakin, kanal torpaq məcralı olduğundan, onun istismarında çətinliklər yaranması ilə yanaşı, həm də ildə təxminən 300 milyon m³ su itkisi yaranması səbəbindən vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklər yarandığını bildirib.

O, həmçinin, Sərəncamın icrası çərçivəsində Qarabağ suvarma kanalının yenidən qurulmasının podratçı təşkilatlar tərəfindən uğurla icra olunduğunu, icra prosesində yaranan məsələlərin İşçi qrupunun üzvləri ilə birgə operativ şəkildə həll edildiyini diqqətə çatdıraraq, kanalın yenidən qurulması üzrə layihə-smeta sənədlərinin yekunlaşdıraraq, onun tikintisinin həyata keçirilməsinin zəruriliyini bildirib. 

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış layihə sənədlərinin cari vəziyyəti barədə təqdimat keçirilib. Təqdimatda Qarabağ suvarma kanalının 26 km-lik 1-ci hissəsinin layihə-smeta sənədlərinin yekunlaşmaq üzrə olduğu bildirilərək, Qarabağ, Mil və Muğan düzlərində aqrar-sənaye komplekslərinin inkişaf perspektivləri nəzərə alınmaqla layihənin mümkün variantlarının araşdırılmasının tamamlandığı vurğulanıb.

İşçi qrupunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə yanaşı təmsil olunan Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mingəçevir və Yevlax şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayonlarının icra hakimiyyətlərinin nümayəndələri də iclasda çıxış edərək layihənin vaxtında və peşəkar şəkildə hazırlandığını bildirərək öz rəy və təkliflərini səsləndiriblər.

Sonda İşçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının birinci mərhələsi, yəni 26 kilometrlik hissənin bu ilin birinci yarısında yekunlaşdırılması və aidiyyəti qurumlardan müvafiq rəylərin alınması nəzərdə tutulmuşdur. Ümumilikdə Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Birinci mərhələ üzrə tikinti işlərinə isə 2026-cı ilin ikinci yarısında başlanılması nəzərdə tutulur. Tikintinin başa çatdırılması ilə kanalın xidmət göstərdiyi ərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, həm də ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcəkdir.

Seçilən
26
16
unikal.az

10Mənbələr