“Ən narahatedici məqam uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır”.
APA xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib.
Deputat bildirib ki, onkoloji xəstələrin sayı artır: “Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21088 nəfər, 2024-cü ildə 73 875 beş nəfər olub. 24 il ərzində təxminən 3,5 dəfə artıb. Və ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1; 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10, 6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricilərdir. Və əlbəttə ki, bir Mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaqdır. Həm də bu sahədə tibbi resursların artmasına səbəb olacaq.
Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin, həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir”.