AZ

Yeni qanun layihəsi uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradır - RƏY

“Uşaq hüquqları” haqqında yeni qanun layihəsi Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində atılan növbəti mühüm addım kimi dəyərləndirilir. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində hazırlanmış yeni qanun layihəsinin qəbul edilməsi dövlətin uşaqların rifahını və təhlükəsizliyini prioritet məsələ kimi gördüyünü bir daha təsdiqləyir. Müasir çağırışları və beynəlxalq standartları nəzərə alan bu sənəd uşaqların hüquqlarının daha effektiv müdafiəsinə, onların maraqlarının hərtərəfli təmin olunmasına xidmət edir. Dövlətin bu sahədə həyata keçirdiyi layihələr uşaqların fiziki, psixoloji və sosial inkişafının qorunmasını gücləndirməklə yanaşı, zorakılıq, istismar və laqeydlik hallarına qarşı daha çevik və sistemli mexanizmlərin tətbiqini nəzərdə tutur. Bu həm ailə, həm təhsil, həm də cəmiyyət müstəvisində uşaqlara yanaşmada məsuliyyətin artırılmasını hədəfləyən kompleks yanaşmanın göstəricisidir. Ümumilikdə, “Uşaq hüquqları” haqqında   qanunun qəbulu Azərbaycan dövlətinin uşaq hüquqlarının müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət apardığını, sağlam, təhlükəsiz və hüquqları qorunan gələcək nəslin formalaşdırılmasına xüsusi önəm verdiyini nümayiş etdirir.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, yeni qanun layihəsi uşaq hüquqlarının qorunmasında  müasir tələb  və çağırışlara cavab verir.

Hicran

Komitə sədri bildirib ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir: “Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Ümumiyyətlə, qeyd etməliyik ki, ölkəmizin uşaq hüquqları, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi ilə bağlı müsbət təcrübəsi var. Ölkəmiz uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulub, dövlətimiz uşaq hüquqlarının müxtəlif aspektllərini özündə əks etdirən qanunlar qəbul edib, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görüb. Lakin proses dayanmır. Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən uşaqların hüquqlarının daha effektiv müdafiəsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı sərəncam imzalanıb. “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında” Prezident İlham Əliyevin 2023-cü il 9 iyun tarixli 3914 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2023-cü il  tarixli 524s nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb. Yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd mövcud qanunvericiliyin müasir çağırışları nəzərə almaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin qorunması, sosial təminat və beynəlxalq konvensiyalara uyğunlaşmadır.  Bildiyiniz kimi, “Uşaq hüquqları haqqında ” qanun 1998-ci ildə, təxminən, 28 il bundan əvvəl qəbul edilib. Ötən müddət ərzində uşaq hüquqlarına dair  qanunvericilik bazasına əlavə və dəyişikliklər edilsə də,  daha uşaqyönümlü,  real icra mexanizminə və nəticəəsaslı  normativ- hüquqi akta ehtiyac  var idi. Sənəddə bir çox mühüm yeniliklər öz əksini tapıb. İlk növbədə, layihədə  əsas anlayışların  təsbitidir. Belə ki, 11 anlayış ayrıca maddədə hüquqi təriflərlə təsbit edilib, “uşağın üstün mənafeləri”, “erkən evlilik”, “sosial reabilitasiya”, “zorakılığın formaları”, “cismani cəza” kimi anlayışlar normativ çərçivəyə salınıb. Bu, hüquqi tətbiqetmə zamanı boşluqlarının aradan qaldırılması baxımından çox vacibdir.  Uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Belə ki, uşağa aid qərar qəbul edilməzdən əvvəl araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur. Bu, beynəlxalq hüquqda qəbul edilmiş “uşaqların üstün mənafeləri” prinsipinin milli qanunvericilikdə tam tətbiqini təmin edir. Digər mühüm yenilik uşaqlara qarşı zorakılıq halları, onların aşkarlanması və zorakılığa məruz qalmış uşağın reabilitasiyası ilə bağlıdır. Əsas məqsəd prosedurların daha təkmil olmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsindən ibarətdir. Mövcud qanundan fərqli olaraq, yeni qanun layihəsində “erkən evlilik” ayrıca anlayış kimi  verilir, konkret hüquqi məsuliyyət  yaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı  aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur ki, bu da vacib yenilikdir.  Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur.  Mövcud qanunda dövlət nəzarəti ümumi qeyd olunur, lakin təqdim olunan qanun layihəsində praktiki icra üçün real alətlər müəyyən edilir. Məlumat bankı, göstəricilər, monitorinq meyarları, ombudsman üçün müstəqil mexanizm təsbit edilir.  Beləliklə, yeni qanun layihəsində uşaq hüquqları deklarativ xarakter daşımır, eyni zamanda uşaqların real müdafiəsini və icrasını təmin edir. Hazırlanmış qanun layihəsində uşaq hüquqları üzrə dövlət təminatları daha geniş formada əks olunub, çətin həyat şəraitində olan uşaqların hüquq və mənafelərinin qorunması üçün kompleks yanaşmanı özündə əks etdirən hüquqi tənzimləmə müəyyən edilib. Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daxil edilib”.

 

"Nota Bene Consulting" MMC-nin direktoru, vəkil Roman Qaraşov isə bildirib ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin qəbulunu Azərbaycan dövlətinin uşaqların hüquqi müdafiəsi sahəsində ardıcıl və prinsipial siyasətinin növbəti mühüm mərhələsi kimi qiymətləndirmək olar:

“Layihədə erkən evlilik, uşaqlara qarşı fiziki, psixoloji və institusional zorakılıq halları, habelə istismar və laqeydlik kimi risklərə qarşı dövlət nəzarətinin gücləndirilməsi uşağın maraqlarının üstünlüyü prinsipinin normativ səviyyədə mərkəzə çəkildiyini göstərir. Müasir hüquqi doktrinada uşaq artıq yalnız ailədaxili münasibətlərin passiv iştirakçısı deyil, müstəqil hüquq və azadlıqlara malik subyekt kimi qəbul olunur və sözügedən qanun layihəsi bu yanaşmanı milli qanunvericilikdə sistemli şəkildə təsbit edir. Xüsusilə qeyd edilməlidir ki, dövlətin bu sahədə müdaxilə mexanizmləri təkcə sanksiyaedici deyil, eyni zamanda preventiv xarakter daşıyır ki, bu da hüquqi müdafiənin daha erkən mərhələdə işə düşməsinə imkan yaradır. Bu baxımdan, layihə beynəlxalq hüququn, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyasının əsas prinsipləri ilə uzlaşır və sosial dövlət anlayışının real məzmunla doldurulmasına xidmət edir. Bununla yanaşı, qanunun effektivliyi bilavasitə onun tətbiqi zamanı formalaşacaq institusional mexanizmlərin işləkliyindən asılı olacaqdır. Mənim fikrimcə, layihənin uğurlu icrası üçün dövlət nəzarəti anlayışı yalnız formal inzibati nəzarətlə məhdudlaşmamalı, sosial xidmətlər, təhsil müəssisələri, hüquq-mühafizə orqanları və məhkəmə sistemi arasında davamlı və funksional koordinasiya təmin edilməlidir. Təklif edirəm, uşaq hüquqları sahəsində ixtisaslaşmış sosial işçilərin, psixoloqların və hüquqşünasların prosesə daha fəal cəlb olunması, həmçinin risk qrupuna daxil olan ailələr üzrə erkən xəbərdarlıq və monitorinq mexanizmlərinin institusional əsasda gücləndirilməsi məqsədəuyğun olardı. Çünki erkən evlilik və zorakılıq halları əksər hallarda təkcə hüquqi boşluqlardan deyil, sosial stereotiplərdən və hüquqi şüurun yetərincə formalaşmamasından qaynaqlanır. Bu mənada, qanun layihəsi maarifləndirmə və preventiv tədbirlərlə paralel şəkildə icra edildiyi təqdirdə, uşaqların hüquqlarının müdafiəsində formal deyil, real və davamlı nəticələr verə biləcək kifayət qədər effektiv hüquqi mexanizm kimi çıxış edə bilər”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd

Tarix: 31 Yanvar 2026, 18:17   
Seçilən
44
42
pravda.az

10Mənbələr