"Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsində uşaq hüquqlarının qorunması haqqında çox əhəmiyyətli, vacib bir qanun müzakirə edildi".
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu qanun ilk dəfə 1998-ci ildə qəbul edilib və ondan sonra keçən 28 il müddət ərzində qanunda dəyişikliklərin edilməsi artıq bir zərurət kimi ortalığa çıxıb:
"Azərbaycan da insan hüquqlarının ayrılmaz bir parçası olaraq, uşaq hüquqları da təbii ki, dövlət tərəfindən qorunur. Prezident İlham Əliyevin böyük önəm verdiyi insan amili, insan kapitalı faktoru prioritet bir istiqamət kimi önə çıxaraq, eyni zamanda uşaqlarımızın da hüquq və azadlıqlarının, sağlamlığının qorunması, onların təhsilinin, təlim-tərbiyəsinin təmini istiqamətində dövlət tərəfindən bu günə qədər bütün lazımı addımlar atılıb.
Birinci oxunuşda Milli Məclisdə müzakirə və plenar iclasa tövsiyə edilən qanun layihəsi də uşaq hüquqlarının təməlindən qorunmasına xidmət edən bir sənəddir. Qanunun müddəalarından da göründüyü kimi, bu layihə bütün uşaqları əhatə edir. Xüsusilə çətin şəraitə düşən, himayədən kənarda qalan, hər hansı səbəbdən ağır şərtlər altında yaşayan uşaqlara dövlət tərəfindən xüsusi diqqətin ayrılması və onların xüsusi himayədə saxlanılması prioritet istiqamət kimi nəzərdə tutulur".
Deputat qeyd edib ki, qanun komitədə çox geniş müzakirə edildi:
"İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsmanın, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin, eləcə dəTəhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxslərinin birbaşa iştirakı ilə komitədə şox geniş müzakirə edildi, qanunun bütün müddəaları ətraflı şəkildə nəzərdən keçirildi.
Eyni zamanda, uşaqlarımızın tam inkişafında – əqli, psixoloji və fiziki baxımdan – internet məfhumunun və ondan diqqətsiz, nəzarətsiz istifadə edilməsinin ciddi problemlərə yol açdığı barədə də geniş müzakirələr aparıldı. Demək olar ki, bütün deputatların çıxışlarında bu məsələyə toxunuldu. Xüsusilə Roblox oyunu ilə bağlı xüsusi fikirlər səsləndirildi.
Biz bu gün ilk növbədə uşaqlarımızın gələcəyini düşünürük. Sadəcə fiziki baxımdan deyil, eyni zamanda əqli və psixoloji cəhətdən sağlam böyümələrini istəyirik. Onların yad təsirlərə və mənfi ünsürlərə məruz qalmamasını, təsir altına düşməməsini arzulayırıq. Uşaqlar hər birimizin qəlbinin döyünən bir nöqtəsidir. Biz onlarla nəfəs alırıq və təbii ki, öz övladlarımıza, ətrafımızdakı bütün uşaqlara, ümumilikdə dünya uşaqlarına yalnız sabitlik, əmin-amanlıq, sülh, rahatlıq və xoşbəxtlik arzulayırıq".
Millət vəkili əlavə edib ki, əgər bu gün uşaqların gələcək taleyinin, normal təhsilinin davam etdirilməsinin və sağlam vətəndaş kimi yetişməsinin qarşısını alan hansısa süni müdaxilələr varsa, evlərimizə, ailələrimizə, adət-ənənələrimizə, etik və estetik dəyərlərimizə yönəlmiş hər hansı təsirlər mövcuddursa, əlbəttə ki, biz bunun qarşısını ölkə olaraq, hökumət olaraq, dövlət olaraq, ziyalılar və valideynlər olaraq almağa borcluyuq:
"Bu məsələdə təhsil müəssisələrinin üzərinə, valideyn–məktəb münasibətlərinin üzərinə ciddi yük düşür. Burada məsələ proqramların qadağan edilməsi deyil, şüurlu şəkildə bu proqramlardan uzaqlaşmağın və onlardan imtina edilməsinin sosial bir çağırış kimi ortaya qoyulmasıdır. Bu sahədə həm vətəndaşlarımız, həm də uşaqlarımız məktəblərdə maarifləndirilməlidirlər. Hansı cəhətin yaxşı, hansının pis olduğu, nələrin uşaqların daha sağlam və tam vətəndaş kimi yetişməsinə xidmət etdiyi onlara aydın şəkildə izah edilməlidir.
Bütün bunlar hər birimizi narahat edən məsələlərdir. Bu baxımdan məsələ ilə bağlı komitə iclasında xüsusi dinləmənin keçirilməsi də müzakirə edildi və nəzərdə tutulur. Düşünürük ki, bu, həqiqətən də çox vaxtında hazırlanmış bir qanun layihəsidir və əminik ki, qanun qüvvəyə mindikdən sonra bu sahədə dayanıqlı, davamlı və qəti addımlar atılacaq. Çünki bu, sadəcə bu günümüz deyil, gələcəyimiz olan uşaqlarımızla bağlıdır və deməli, ölkəmizin gələcəyi üçün son dərəcə vacibdir".