AZ

13 yaş uşaq, yoxsa “gəlin”? Bu gün susduğumuz hər 13 yaşlı qız, sabah itirdiyimiz bir gələcəkdir...

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bu xəbəri oxuyanda insanın içindən ilk keçən hiss qəzəb yox, utanc olur. Çünki söhbət hansısa ucqar kənddə, savadsız bir mühitdə baş verən gizli bir hadisədən getmir. Söhbət 13 yaşlı bir qız uşağından və onunla nişanlanan, illərlə oxumuş, ali təhsil almış, həkim diplomu daşıyan bir şəxsdən gedir. Daha dəhşətlisi isə budur ki, bu insan cəmiyyətdə hörmət edilən, ağ xalatına görə sözünə inanılan bir peşənin nümayəndəsidir.

13 yaş… Bu yaşda uşaq hələ özünü tanıyır, həyatı dərk etməyə çalışır, məktəb çantası ilə dərsə gedir, gələcək arzularını qurur. Bu yaşda onun yeri nə nişan masasıdır, nə də “ərə verilmək” qorxusu.

Hadisənin ən ağır tərəfi isə nişanlanan şəxsin savadsız biri olmamasıdır. Bu insan diş həkimidir. Təhsil alıb. Universitet auditoriyalarında oturub. İnsan anatomiyasını, etik davranışı, məsuliyyəti öyrənməli olan biridir. Amma görünür, diplom insanı düşüncədə böyütməyə hər zaman kifayət etmir. Çünki təhsil kağız üzərində qalanda, vicdanla, dəyərlə tamamlanmayanda belə nəticələr ortaya çıxır.

İnsan istər-istəməz sual verir. Əgər bu addımı oxumuş, təhsilli, cəmiyyətin "elit" saydığı biri atırsa, onda savadsızlıqdan gileylənməyə nə haqqımız var? Əgər həkim 13 yaşlı uşağı kitaba, məktəbə, gələcəyə deyil, nişana və erkən evliliyə layiq görürsə, onda problem təkcə cahillik deyil. Problem dəyərlərin aşınmasıdır. Problem normal ilə anormalın yer dəyişməsidir.

Bu gün bir qız uşağı ağ xalatlı bir kişi tərəfindən “bəyənilir”, sabah başqa bir uşaq başqa bir “hörmətli” şəxs tərəfindən. Sonra da cəmiyyət təəccüblənir ki, niyə erkən nikahlar bitmir? Niyə qızlar yarımçıq təhsil alır? Niyə zorakılıq artır? Çünki biz susuruq. Çünki “şikayət yoxdur” deyib məsələni 1000 manat cərimə ilə bağlayırıq. Çünki uşaqlığın qiyməti bu qədər ucuzdur.

13 yaşlı qızın yerinə kitab qoymalı idik. Dəftər qoymalı idik. Arzu, məqsəd, gələcək qoymalı idik. Amma onun qarşısına nişan üzüyü qoyuldu. Həm də bunu edən savadsız bir adam yox, həkim idi. Və bu, vəziyyəti daha da ağırlaşdırır.

Bu hadisə bizə bir həqiqəti acı şəkildə xatırladır. Təhsil təkcə diplom deyil. Təhsil düşüncədir, məsuliyyətdir, insani sərhədləri tanımaqdır. Əgər bu yoxdursa, ağ xalat da, ali diplom da cəmiyyəti geriyə aparmaqdan başqa heç nəyə yaramır.

Bu gün susduğumuz hər 13 yaşlı qız, sabah itirdiyimiz bir gələcəkdir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
50
bizimyol.info

10Mənbələr