Bu gün Avropa Birliyi və Azərbaycan, AB-nin Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər.
Bu barədə AB-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.
Belə ki, Avropa Birliyi və Azərbaycan Global Gateway təşəbbüsü və Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlıqlarını gücləndirməyə razılaşıblar. Əməkdaşlıq nəqliyyat, rəqəmsal, enerji və ticarət sahələrini əhatə edir, məqsəd iqtisadi imkanları artırmaq, sülh və əməkdaşlığı təşviq etməkdir. Bu kontekstdə Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırma işlərinə start veriləcək; bu, Transxəzər Nəqliyyat Dəhlizi çərçivəsində Avropa və Mərkəzi Asiyanı birləşdirəcək. Layihə həm regional əlaqələri möhkəmləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, iş imkanlarının yaradılmasına və kənd yerlərinin davamlı inkişafına töhfə verəcək.

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi ekspert Samir Əsədlinin sözlərinə görə, Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir:
“Xüsusilə Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropanın Asiya bazarlarına çıxışında mühüm alternativ yol kimi ön plana çıxır. Bu dəhlizin inkişafı Avropanın ticarət və logistika imkanlarını genişləndirməklə yanaşı, regionda iqtisadi əməkdaşlığın güclənməsinə də xidmət edir. Azərbaycan Orta Dəhlizin mərkəzində yerləşir və bu təşəbbüs bütün Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Onlar Avropa ilə nəqliyyat əlaqələrini diversifikasiya etməkdə maraqlıdır və Rusiya ərazisindən asılılıqdan yaxa qurtarmağa çalışırlar”.
Ekspertin sözlərinə görə, Orta Dəhliz xarici aktorlar tərəfindən də dəstəklənir:
“Həm ABŞ, həm də Avropa İttifaqı bu layihəyə siyasi və maliyyə dəstəyi göstərmək niyyətindədir. Ötən ilin noyabr ayında Mərkəzi Asiya dövlət başçılarının Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidentinin də bu görüşə dəvət olunmasının vacibliyini vurğulaması təsadüfi xarakter daşımırdı. Çünki Azərbaycansız Mərkəzi Asiyanın dünya bazarlarına çıxışı mümkün deyil”.
Samir Əsədli qeyd edib ki, Qlobal Dəhliz təşəbbüsü həm Avropanın özü, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yeni imkanlar pəncərəsi açır:
“Bu regionlar Avropaya enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq baxımından mühüm töhfə vermək iqtidarındadır. Bu baxımdan Azərbaycan təkcə tranzit ölkə deyil, eyni zamanda regional iqtisadi inteqrasiyanın əsas aparıcı qüvvələrindən biri kimi çıxış edir. Eyni zamanda Avropa İttifaqı da həmin regionlara sərmayə yatırmaqla burada iqtisadi tərəqqinin daha dinamik hala gəlməsində rolunu artıracaq”.
Tunar