ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
2025-ci il Sumqayıt şəhəri üçün inkişaf və sabitlik ili kimi yadda qalıb. İnfrastrukturun yenilənməsi, sosial obyektlərin bərpası, təhsil və səhiyyə sahəsində həyata keçirilən tədbirlər, müəyyən ərazilərdə aparılan asfaltlanma prosesləri, yol, su, qaz və elektrik təchizatının yaxşılaşdırılması, yaşıllaşma işlərinin daha geniş vüsət alması şəhərimizə olan diqqət və qayğının bariz nümunəsidir.
Əlbəttə ki, Sumqayıt son illər ərzində tamamilə yeni bir sima, yeni bir obraz və nəfəs qazanıb. Bu gün şəhərdəki modern quruculuq işləri və estetik arxitektura şəhərin ümumi ruhunu büsbütün dəyişib. Sumqayıt bu gün təkcə sənaye şəhəri deyil, yaşamaq, qurmaq və gələcək nəsillər üçün örnək yaratmaq istədiyimiz bir şəhərdir.
Bütün bu uğurlar möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü inkişaf siyasətinin real nəticəsidir. Eyni zamanda, Prezidentin müəyyən etdiyi inkişaf strategiyasının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən uğurla və məsuliyyətlə icra olunduğunun göstəricisidir.
***
Zənnimcə, istənilən şəhərin inkişafını stimullaşdıran kod mövcuddur. Rus tədqiqatçısı N.Antsiferova görə, şəhərin təkində gizlənmiş və istənilən tarixi proseslərdə dəyişən şəhərin kodunu açmaqla həmin şəhərlə spiritual əlaqəyə girmək olar. Sumqayıt üçün belə bir kod onun sənayesidir və bunu hamıdan öncə Ümummilli lider Heydər Əliyev, ondan sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəqiq müəyyən etmişdir: “Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir”! Bu, Heydər Əliyevdən gələn ənənənin novator üslub və dəst-xəttlə davam etdirilərək imza atılan uğurların sonucunda səsləndirilən fikirlərdir. Elə bu uğurların nəticəsidir ki, şəhərdə fəaliyyət göstərən zavodların mövcudluğu bu gün həm dövlət iqtisadiyyatının güclənməsinə töhfə verir, həm də insanların işlə təmin olunmasına yollar açır. Hazırda ölkəmizdə 8 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir, 3 sənaye parkı inşa edilir. Bu sənaye zonalarına 7 milyard manat investisiya qoyulub, 104 müəssisə və 11 min iş yeri yaradılıb. Ölkəmizin qeyri-neft-qaz sənaye potensialının güclənməsində Sumqayıtın oynadığı rol danılmazdır.
Yanvarın 26-da cənab Prezident İlham Əliyevin Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyması, “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin, eləcə də güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirakı Sumqayıtı sənaye şəhəri kimi bir daha ön sıralarda qərarlaşdırır. Bu sırada, qürurdoğuran bir faktı da qeyd etmək istəyirəm. Bu il, yanvarın 19-da Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” mükafatı təqdim edildi. Qeyd edək ki, “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavoddur və təbii ki, bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir. Bütün bu göstəricilər sənaye anlayışını Sumqayıt üçün kod amilə çevirir.
Amma şəhərlərin yalnız kodu yoxdur, həm də ruhu var. Və bu ruh orda yaşayan insanların yaratdığı mədəni dəyərlər əsasında formalaşır. Bu mənada, Sumqayıt hər zaman quran, yaradan zəhmətkeş əllərin şəhəri olub. Bakıdan sonra fırlanan çarxların səsi ən çox Sumqayıtda eşidilib. Hətta düşünmək olar ki, Sumqayıtın sənaye ilə daxili-ruhsal bağlılığı yalnız quruculuq prosesi ilə əlaqədar amil deyil, həm də təfəkkür hadisəsidir. Yəni sənayeyə bağlılıq sumqayıtlıların dünyagörüşündə yaşamın dərki və göstəricisi üçün etalon hesab edilib, sərt metallarla işləmə sanki şüuraltı xarakter formalarının yaranışına yol açıb. Sənaye atributları bərk substansiya kimi burada yaşayan insanların gücünü, iradəsini, dözümünü ifadə edən simvola çevrilib. Bəlkə buna görə sumqayıtlılar 1988-ci ilin fevralında, ermənilərin mənfur təxribat xarakterli qırğınlarının ağrısını da əzmlə dəf ediblər, iki dəfə Qarabağ uğrunda savaşlarda şəhid olan qəhrəman oğullarımızın itkisinə də mətanətlə sinə gərməyi bacarıblar. Beləcə, Sumqayıt illərdən illərə fərəhli proseslərlə yanaşı, fəci və dramatik mərhələlərdən da keçib. Onu da qeyd etmək lazımdır ki, şəhid və qazi ailələrinə göstərilən diqqət, onların müəyyən tələb və ehtiyaclarının qarşılanması prosesi ötən il də daxil olmaqla, şəhər rəhbərliyinin diqqət mərkəzində olub. Əlbəttə, bu, belə də olmalıdır. Biz bu gün güclü, müstəqil və qalib bir ölkədə yaşayırıqsa, bunu şəhidlərimizin canı və qanı bahasına əldə etmişik. Bu torpağın hər qarışı, bu şəhərlərin hər daşı şəhidlərimizin xatirəsi ilə yoğrulub. Ona görə də şəhid ailələrinə göstərilən hər bir diqqət, hər bir qayğı sadəcə sosial məsələ deyil – bu, milli vicdan məsələsidir. Sadəcə onların problemlərinə həssas yanaşılması, müraciətlərinin vaxtında həlli, mənzil və sosial təminat məsələlərinin diqqətdə saxlanılması cəmiyyətimizdə həmrəylik və ədalət hissini daha da gücləndirən amillər sırasındadır.
İstisnasız, görülən bütün işlərin mərkəzində insan dayanmalıdır. Vətəndaş məmnunluğu, şəffaflıq, açıq dialoq və operativlik şəhər idarəçiliyinin əsas prinsipləri olmalıdır. Sevindirici haldır ki, Sumqayıtda bu prinsiplərin getdikcə daha çox tətbiq olunduğunu görürük və bu, gələcək üçün ümidverici bir mənzərə yaradır.
***
Son iyirmi ildə Sumqayıtın inkişafı bütünlükdə İlham Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində dövlət başçısı Sumqayıta 34 dəfə səfər etmiş, hər gəlişi şəhərin mənəvi həyatında hansısa mühüm prosesin, quruculuq hərəkatının göstəricisinə çevrilmişdir. Hələ hakimiyyətinin birinci dövründə Heydər Əliyevin Sumqayıtla bağlı qarşıya qoyduğu vəzifə onun ənənəvi sənaye kompleksi kimi bərpa edilməsi idi. Möhtərəm Prezident İlham Əliyevin tapşırıq və nəzarəti altında, diqqət və qayğısı nəticəsində Sumqayıt regionun sənaye mərkəzi ilə yanaşı, mədəniyyət mərkəzinə çevrildi.
Əslində xalqın və millətin əbədiliyini təmin edən, onun dövlət quruculuğunun memarı olan görkəmli şəxsiyyətlər həm də mədəni quruculuq sahəsində gerçəkləşdirdiyi böyük amallar, tarixi yaddaş salnamələri ilə eyni vaxtda tarix səhnəsinə daxil olmuşlar. Bunun məntiqi yekunu və ifadəsidir ki, bu gün Sumqayıtda Bayraq muzeyinə layiqli tərəf-müqabil kimi Tarix muzeyi ucalıb. Şahmat məktəbi ilə yanaşı, İncəsənət məktəbi özünə yer edib. Kimyaçılar Sarayı ilə yanaşı, Sumqayıt Dram Teatrının yeni dizaynda inşası həm də qorunan mənəvi missiyanın abidəsi kimi əbədiləşib. Əzəmətli Heydər Əliyev Mərkəzinin yanında elə eyni əzəmətdə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binası qərarlaşıb. Bunlar Sumqayıtda milli-mənəvi estafetin, ədəbi-bədii, mədəni mühitin fasiləsizliyindən xəbər verən amillərdir.
Mədəniyyət konsepsiyası İlham Əliyevin bədii-estetik və humanitar-fəlsəfi görüşlərində hər zaman aparıcı, prioritet mövqeyi təşkil edib. Bu gün ölkə başçısı üçün elm, sənət və mədəniyyət sahəsində fundamental strateji məqsəd – Azərbaycan xalqının mənəvi irsini dünya mədəniyyətinin inkişafı kontekstində inkişaf etdirməkdir. Mən 2025-ci ilin son aylarında cənab Prezidentin imzaladığı iki sərəncama - I Türkoloji Qurultayın 100 illiyi və "Şəhərsalma və Memarlıq İli" ilə bağlı sərəncamların növbəti ilə hədəflənmiş strateji məqamlarına diqqət yönəltmək lazımdır. Eyni zamanda, bu ayın ilk müjdəsi kimi imzalanan “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təqdim edilməsi haqqında sərəncamdan bəhs etmək yerinə düşər.
Təbii ki, inkişafın əsas göstəricilərini özündə ehtiva edən Sumqayıt bu il də milli-sosial inkişafın, ədəbi-mədəni hərəkatın müstəqil dövlətçilik ideologiyasının tələb və meyarları ilə səsləşən yeni məzmun və keyfiyyət nümayiş etdirəcək.
İllər öncə Sumqayıtın istər quruculuq, istərsə də təşkilati-struktur cəhətdən idarə olunmasında ciddi yeniləşmələrə ehtiyac olduğunu hamıdan əvvəl İlham Əliyev hiss etmiş, böyük quruculuq işlərinə imza atmışdır. Niyə? Çünki qurulan, tikilən hər bir abidə mədəni varlığımızın simvolu kimi yaşayır və tarixi yaddaşımızı yaşadır. İndi çoxları bilir ki, mədəniyyət anlayışı şəhər sözü ilə sinonimdir. Şəhər mədəniyyətin özü deməkdir. Bir qədər əvvəl I Türkoloji Qurultayın adını çəkdim. 1926-cı ildə Türkoloji Qurultay günlərində Bakı uzaq ölkələrdən gəlmiş qonaqlarını öz cazibədar arxitekturası ilə qarşılamışdı. Nümayəndələrin elə həmin günlərdə yazdıqları xatirə qeydlərinə, gündəliklərinə istinadən deyə bilərik ki, Bakı onları həm intellektual səviyyəsinə, həm də əsrarəngiz memarlıq xüsusiyyətlərinə görə valeh etmişdi. Qurultay Şərq və Qərb memarlığının sintezindən yaranmış nadir İsmailiyyə binasında keçirilmiş, qurultay bitəndən sonra nümayəndələr tariximiz barədə təsəvvür əldə etmək üçün Şirvanşahlar sarayını ziyarət etmişdilər. Opera teatrında “Leyli və Məcnun” tamaşasına baxmışdılar. Tamaşaya baxan nümayəndələrdən biri (alman alimi Menzel) o illərdə yazdığı gündəlik qeydlərində opera haqqında təəssüratdan daha çox, opera teatrının binası barədə təəssüratlarını bölüşür, “Teatr binası olduqca gözəldir. Şərq üslubunda tikilib”, - deyə qeydlər edirdi.
İndi “Konstitutsiya və Suverenlik İli”ndən sonra “Şəhərsalma və Memarlıq ili”nə daxil olmuşuq. Əslində, bütün bu illərə rəmzi səciyyə verməklə cənab İlham Əliyev Vətənin yetişəcək yeni nəsilləri üçün milli birlik düsturunu yaradır. O mənada ki, bu gün inşa edilən Tarix Muzeyi, Bayraq muzeyi, Muğam Mərkəzi – Sumqayıtın ən gözəl məskəninə çevrilmiş bu tikililər yalnız inzibati məkanlar, elmin və sənətin qapısına yazılan coğrafi adlar, ünvanlar deyil. Bu mənəvi məbədlərin çölündə yox, içində artıq ehtiva etdiyi adlarla ifadə və təmsil olunan milli-əxlaqi dəyərlər və bədii-estetik sərvətlər yaşayır, xalqın min illik tarixi təcrübəsi, ibrət və hikmət dünyası yaşayır və ona görə qorunur ki, formalaşan gənclərə sağlam bir gələcək ərməğan edilsin.
Yaxud Sumqayıt bulvarı! Sumqayıt bulvarı yalnız coğrafi hüduda, inzibati sərhədə malik məkan deyil. O, həm də Sumqayıtın varlığını ifadə edən ontoloji zərurətdir. İnşası müəyyən məkandan başlasa da, sanki əbədiyyətə qədər uzanır. Bəlkə buna görə möhtərəm Prezident Sumqayıt bulvarını “möcüzə” adlandırmışdır. Möcüzədirsə də, onun memarı elə Özüdür!
***
Bu yaxınlarda yazıçı-dramaturq Əli Əmirlinin “Qanun” nəşriyyatında çap olunan “Ölü doğan şəhər” kitabını əldə edib oxudum. Əsər bütünlüklə Sumqayıt hadisələrinə həsr olunmuşdu. 1980-ci ilin ortalarında Sumqayıtda mövcud ekoloji vəziyyət, bu neqativ ekologiyanın doğulacaq uşaqların sağlamlığına, taleyinə amansız təsiri əsərdə bədii təcəssüm predmetinə çevrilir. Bu gün isə Sumqayıt artıq şəhər kultu kimi meydandadır və bu amil, Sumqayıtın bugünkü reallıq imkanlarını ehtiva edən ən mühüm göstəricidir. Şəhər kultu nədir?
Böyük qırğız yazıçısı Çingiz Aytmatov “Kassandra damğası” əsərində yazır ki, sülh anlayışını gətirən ilkin amil şəhər kultunun yaradılmasıdır. Yadımıza salaq, İkinci Dünya müharibəsindən sonrakı Almaniya, yaxud Xirosima və Naqasaki faciəsini yaşayan, bombalandıqdan sonra xərabəliklər, dağıntılar altında inləyən Yaponiya və bu dövlətlərin özlərini sıfırdan qurmaq, yaratmaq bacarığı! Nəyin sayəsində! Bütün digər amillərlə yanaşı, şəhər kultunun dirçəldilməsi ilə! Sumqayıtda bu proses 10 ildən artıqdır ki, tam modern vüsətlə aparılır.
Kulturoloq Itamar Even-Zoharın Avropa millətlərinin formalaşmasında şəhər kultunun roluna dair maraqlı bir nəzəriyyəsi var. O, qeyd edir ki, bu gün özünü alman, fransız, italyan, ispan, çex, bolqar, serb, xorvat adlandıran xalqları millət edən şəhər kultuna münasibətləri olub. Əvvəllər Avropanın siyasi baxımdan bölünmüş ərazilərində öz milli kimliyini bilməyən milyonlarla sakin yaşayırdı, məhz şəhər kultu həmin parça-parça tayfaları birləşdirdi. Halbuki bizə tarix dərslərində öyrədirdilər ki, Almaniya ərazisindəki onlarca kiçik alman dövlətini Bismark birləşdirib. Itamar Even-Zohar isə "Avropa millətlərinin formalaşmasında şəhər kultunun rolu" adlı məqaləsində Goldstein-ə istinadən yazır ki, şəhər kultunu yaratmağı meyara çevirənlərin yaratdığı mənəvi bünövrə olmasaydı, Bismark bizi birləşdirə bilməzdi.
Diqqət eləsək, Sumqayıt da ən çətin günlərdə həmin birləşdirici missiyanı yerinə yetirib - körpü olub, Qarabağın müxtəlif ərazilərindən Sumqayıta pənah gətirmiş insanlar üçün ortaq mənəvi əraziyə çevrilib. Dövlət başçısının diqqəti, təəssübkeşliyi sayəsində isə onları birləşdirən şəhər kultu yaranıb. Sumqayıtın şəhər kimi özəlliyi məhz, bu nöqtədədir. Bu prosesdə sözsüz ki, böyük təşəkkür borcu həm də Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun payına düşür. Çünki Prezident İlham Əliyevin diqqət və qayğısına əməli vüsət və mündəricə qazandıran, bu yolda bütün təşkilati təcrübə və bacarığını vahid ideoloji məram ətrafında birləşdirib özünün funksional iş prinsipinə çevirən az sayda şəhər rəhbərlərindəndir Zakir Fərəcov!
Ötən il Sumqayıt şəhərinin 75 yaşı tamam oldu. 75 il – zamandan fəth olunan nəhəng zirvə deməkdir. Və bütün sarsıntılara, tarixin acı səhifələrinə rəğmən, bu zirvədə görünən ilkin amil budur – Sumqayıtın əzəli və əbədi gözəlliyi yeni estetik mərhələyə adlayıb. Modern inkişaf mərhələsinə! “Sumqayıt kiçik Azərbaycandır”! Ümummilli lider Heydər Əliyevin vaxtilə Sumqayıta verdiyi bu dəqiq təyin yenə də dominantlığını qoruyur. Sumqayıt doğrudan da kiçik Azərbaycana oxşayır! Öz gücünü artırmaqla dünyaya meydan oxuyan, çoxhədəfli, məzmunlu, humanist mahiyyətli, sülh, barış, əmin-amanlıq istəyi ilə xilas yolları arayan, mədəniyyət körpüləri quran, multikultural dəyərlərlə yaşayan Azərbaycana!
Əlbəttə ki, gələn il üçün də müəyyənləşən hədəflər və prioritetlər var. Uğurlardan bəhs etmək problemlərin olmaması anlamına gəlməməlidir. Xüsusilə, şəhərin ucqarlarında salınmış ərazilərində yol problemi var, evlərin sənədləşməsi problemi hələ də həllini gözləyir. Orada insanlar üçün çox gözəl evlər tikilib. Evlərə yaxın ərazilərdə məktəblərin inşası, uşaq meydançalarının salınması, idman salonlarının, mədəniyyət evlərinin tikilməsi yaxşı olardı. Bunlar əlbəttə ki, yalnız şəhər rəhbərliyinin təkbaşına edə biləcəyi işlər deyil. Bunun üçün dövlət səviyyəsində bütün aidiyyəti qurumların həmrəyliyi, kollegial əməyi lazımdır.
Bu gün Sumqayıtın yenidən qurulması prosesi gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyır. Tikilən hər bina, salınan hər park, abadlaşdırılan hər məhəllə sabah bu şəhərdə böyüyəcək uşaqlar üçün daha sağlam, daha təhlükəsiz bir mühit deməkdir. Bu baxımdan şəhərsalma siyasəti yalnız bu günü deyil, onillikləri hədəfləyən uzaqgörən bir yanaşmadır. Əminəm ki, bu yol ardıcıl şəkildə davam edəcək və Sumqayıt yaxın illərdə daha gözəl, daha müasir, daha güclü və yaşamaq üçün daha cəlbedici bir məkana çevriləcək!
Elnarə AKİMOVA,Milli Məclisin deputatı,filologiya elmləri doktoru
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.