AZ

Regional Su Meliorasiya Xidmətində qənaət çağırışları fonunda BMW paradoksu » AzadMedia.az


Ölkədə büdcə gəlirlərinin azaldığı, vətəndaşların qənaətə çağırıldığı bir dövrdə dövlət qurumlarının davranışı cəmiyyətdə haqlı suallar doğurur. Xüsusilə də bu çağırışların məmurların həyat tərzinə və dövlət vəsaitlərinin xərclənməsinə nə dərəcədə şamil olunması məsələsi ictimai müzakirələrin mərkəzindədir.
Jurnalist Eynulla Fətullayevin sosial mediada paylaşdığı məlumata görə, Regional Su Meliorasiya Xidməti bu günlərdə 3 ədəd “BMW 520i” markalı xidməti avtomobil alıb. Bildirilir ki, bu nəqliyyat vasitələrinin alınmasına 364 140 manat dövlət vəsaiti xərclənib. Büdcə gəlirlərinin azaldığı, bir çox sosial və infrastruktur layihələrinin təxirə salındığı şəraitdə bu addımın nə dərəcədə əsaslandırıldığı sual doğurur.
Maraqlıdır ki, Azərbaycan artıq 2010-cu ildən etibarən yerli avtomobil istehsalına – “NAZ Lifan” zavoduna malikdir. Dövlət sifarişləri hesabına ayaqda qalmalı olan bu istehsal müəssisəsinin məhsulları nədənsə məmurlar üçün “uyğun” sayılmır. Bu halda sual yaranır: yerli avtomobil zavodu kimlər üçün inşa edilib? Dövlət məmuru yerli istehsalı dəstəkləməyəcəksə, bunu kim etməlidir?
Digər tərəfdən, məmurların rəsmi gəlirləri ilə onların istifadə etdikləri avtomobillər və həyat tərzi arasında uyğunsuzluq da tez-tez gündəmə gətirilir. Rəsmi maaşı bir neçə min manatı keçməyən icra və təsərrüfat rəhbərlərinin on minlərlə, bəzən yüz minlərlə manat dəyərində avtomobillərlə təmin olunması cəmiyyətdə narazılıq yaradır.
Bu kontekstdə jurnalist Elşad Məmmədli də Regional Su Meliorasiya Xidmətində baş verən proseslərlə bağlı tənqidi qeydlər edib. Onun yazısında iddia olunur ki, qurumda tenderlərin şəffaflığı, idarəetmədə maraqlar toqquşması və əvvəlki illərdən qalan problemlər hələ də aradan qaldırılmayıb. Müəllif bu məsələlərin araşdırılmasının vacibliyini vurğulayır və aidiyyəti qurumları ictimai nəzarət mexanizmlərini gücləndirməyə çağırır.
Qeyd olunanlar bir daha göstərir ki, qənaət yalnız vətəndaşdan tələb olunan anlayış olmamalıdır. Əgər dövlət büdcəsinə həssas yanaşma prinsipi mövcuddursa, bu prinsip ilk növbədə dövlət qurumlarının özündə tətbiq edilməlidir. Əks halda “qənaət” çağırışları ictimai etimad doğurmaq əvəzinə, cəmiyyətdə daha dərin suallar yaradır.
Bu suallar isə hələlik açıq qalır:
– Dövlət qurumlarında bahalı avtomobil alışlarına kim və necə nəzarət edir?
– Yerli istehsal niyə məmur üçün seçim deyil?
– Büdcə daralarkən bu cür xərclər hansı zərurətdən irəli gəlir?
Cəmiyyət cavab gözləyir.
Seçilən
31
1
azadmedia.az

2Mənbələr