Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir.
Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı faktiki olaraq 9,4 % təşkil edib: "2026-cı ildə bu göstəricinin 6,5 %-ə, 2027-ci ildə isə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır. Bu dinamika bazarda əvvəlki illərlə müqayisədə daha sabit və balanslı qiymət artım mərhələsinin formalaşdığını göstərir".
V. Oruc qeyd edib ki, 2026-cı ildə artımın əsasən mərkəzə yaxın və infrastruktur baxımından əlverişli rayonlarda daha yüksək olacağı gözlənilir: "Belə ki, Səbail rayonunda qiymətlərin 8,2 %, Nərimanovda 7,8 %, Yasamalda 7,4 %, Xətaidə 7,2 %, Nəsimidə isə 6,8 % artacağı proqnozlaşdırılır. Digər rayonlarda artım tempi nisbətən zəif olacaq. Nizami rayonunda 5,6 %, Binəqədidə 5,4 %, Suraxanıda 5,9 % artım gözlənildiyi halda, Sabunçuda 4,2 %, Xəzərdə 3,6 %, Qaradağda 3,4 %, Pirallahıda isə cəmi 2,9 % artım ehtimal edilir. Ümumilikdə Bakı üzrə orta artım göstəricisi 6,5 % səviyyəsində qiymətləndirilir".