Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimlinin ev dustaqlığına buraxılması barədə şikayətinə baxıb.
Turkustan.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu siyasi təşkilatın funksionerləri bildirib.
Məhkəmə şikayəti təmin etməyib və Ə.Kərimlini həbsdə saxlayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.