AZ

Azərbaycan və İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq nümunələrindən biridir - Azər Qarayev

Azərbaycan ilə İsrail arasında münasibətlər postsovet məkanında nadir və özünəməxsus strateji tərəfdaşlıq nümunələrindən biri hesab olunur. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən, fərqli mədəni və dini mühitlərə malik olan bu iki ölkəni birləşdirən əsas faktorlar praqmatik maraqlar, qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq strategiyasıdır. Son illərdə münasibətlərin həm siyasi, həm iqtisadi, həm də hərbi-texniki sahələrdə dərinləşməsi tərəflərin bu əlaqələri sırf taktiki deyil, strateji səviyyədə qurduğunu göstərir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"2026-cı il yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul etməsi də məhz bu xəttin davamı kimi qiymətləndirilə bilər. Görüş zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentləri arasında baş tutmuş görüşün məmnunluqla xatırlanması, ikitərəfli gündəliyin geniş spektrini əhatə edən məsələlərin müzakirəsi, münasibətlərin institusional səviyyədə möhkəmləndirildiyini göstərən mühüm diplomatik siqnaldır. Azərbaycan-İsrail münasibətlərinin əsas sütunlarından biri siyasi sahədə formalaşmış qarşılıqlı etimaddır. Azərbaycan müstəqillik qazandıqdan sonra İsrail bu ölkənin suverenliyini tanıyan ilk dövlətlərdən biri olub. Tərəflər arasında rəsmi diplomatik münasibətlər 1992-ci ildə qurulub və bu tarixdən etibarən əlaqələr yüksələn xətt üzrə inkişaf edib", - o bildirib.

Onun sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən dövlətlər sırasındadır. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı İsrailin rəsmi mövqeyi və əvvəlki illərdə göstərilən siyasi dəstək Bakıda yüksək qiymətləndirilib. Bununla yanaşı, Azərbaycan da Yaxın Şərq məsələlərində balanslı, praqmatik və prinsipial mövqe nümayiş etdirərək İsraillə münasibətləri regiondakı geosiyasi risklər fonunda qoruyub saxlayıb. Prezident İlham Əliyev - Gideon Saar görüşü, bir neçə gün öncə isə iki ölkənin prezidentlərinin görüşü də bu siyasi dialoqun davamlı xarakter daşıdığını təsdiqləyir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan-İsrail münasibətlərinin ən real və praktik sahələrindən biri iqtisadiyyatdır.

"İsrail uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Xüsusilə enerji sektoru bu əməkdaşlığın əsas dayağıdır. İsrailin neft tələbatının əhəmiyyətli hissəsi məhz Azərbaycan nefti hesabına ödənilir. Bu fakt təkcə iqtisadi deyil, həm də strateji enerji təhlükəsizliyi kontekstində mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, İsrail Azərbaycana yüksək texnologiyalar, kənd təsərrüfatı innovasiyaları, su resurslarının idarə olunması sahəsində qabaqcıl təcrübə təqdim edir. Su qıtlığı şəraitində inkişaf etmiş İsrail texnologiyalarının Azərbaycan üçün xüsusilə aktual olduğu danılmazdır. Damcılı suvarma sistemləri, ağıllı kənd təsərrüfatı modelləri və rəqəmsal idarəetmə mexanizmləri bu sahədə əməkdaşlığın perspektiv istiqamətləridir. Gideon Saarın səfər zamanı böyük biznes və işgüzar dairələrin nümayəndələri ilə birlikdə Bakıya gəlməsi və Azərbaycan-İsrail biznes forumunun keçirilməsi iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Bu, artıq münasibətlərin yalnız dövlət səviyyəsində deyil, özəl sektorlar arasında da dərinləşdiyini göstərən mühüm göstəricidir", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan-İsrail münasibətlərinin ən həssas, lakin eyni zamanda ən strateji sahələrindən biri hərbi-texniki əməkdaşlıqdır.

"İsrail uzun illərdir Azərbaycan üçün əsas silah və hərbi texnologiya tədarükçülərindən biridir. Pilotsuz uçuş aparatları (PUA), kəşfiyyat sistemləri, elektron müharibə vasitələri və digər yüksək texnoloji hərbi məhsullar Azərbaycan ordusunun modernləşməsində mühüm rol oynayıb. Xüsusilə 2020-ci il Vətən müharibəsində İsrail istehsalı olan texnologiyaların effektivliyi bu əməkdaşlığın real nəticələrini ortaya qoydu. Bu fakt Azərbaycan-İsrail münasibətlərinin yalnız diplomatik və iqtisadi deyil, eyni zamanda real təhlükəsizlik arxitekturasına əsaslandığını göstərir. İsrail üçün də Azərbaycan strateji tərəfdaşdır. Cənubi Qafqazda sabit, proqnozlaşdırılan və müstəqil xarici siyasət yürüdən Azərbaycan İsrailin regional maraqları baxımından etibarlı tərəfdaş kimi çıxış edir. Bu mənada tərəflərin təhlükəsizlik sahəsində əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır. Azərbaycan-İsrail münasibətlərinin unikal cəhətlərindən biri də humanitar və ictimai müstəvidə formalaşmış müsbət fondur. Azərbaycanda yaşayan yəhudi icması tarixən dövlət tərəfindən qorunub, onların dini, mədəni və ictimai fəaliyyətləri üçün bütün şərait yaradılıb. Quba yəhudiləri, Bakı yəhudi icması və digər icmalar Azərbaycanın multikultural modelinin real nümunələridir. Gideon Saarın Prezident İlham Əliyevə məhz bu məsələyə görə təşəkkür etməsi təsadüfi deyil. İsrail üçün dünyanın müxtəlif ölkələrində yəhudi icmalarının təhlükəsizliyi və rifahı xüsusi həssas mövzudur. Azərbaycanın bu sahədə nümunəvi ölkə kimi göstərilməsi ikitərəfli münasibətlərə əlavə mənəvi və siyasi dəyər qatır", - Azər Qarayev bildirib.

O qeyd edib ki, bu faktor həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Multikulturalizm, dini tolerantlıq və etnik müxtəliflik sahəsində real təcrübə təqdim edən Azərbaycan İsrail kimi dövlətlə münasibətlərdə bu dəyərləri siyasi kapitala çevirə bilib.

"Son illərdə Azərbaycan-İsrail gündəliyində yeni istiqamət kimi süni intellekt və rəqəmsal texnologiyalar ön plana çıxır. İsrail bu sahədə qlobal liderlərdən biri hesab olunur. Startap ekosistemi, hərbi və mülki texnologiyaların sintezi, rəqəmsal innovasiyalar İsrail iqtisadiyyatının əsas dayaqlarındandır. Azərbaycan isə öz növbəsində rəqəmsal transformasiya, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını dövlət siyasətinin prioritetinə çevirib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu istiqamətdə real platforma rolunu oynaya bilər. İsrail texnologiyalarının bu bölgələrdə tətbiqi əməkdaşlığa yeni strateji məzmun qazandıra bilər. Ümumilikdə, Azərbaycan-İsrail münasibətləri ideoloji yaxınlıqdan daha çox praqmatik maraqlara, qarşılıqlı faydaya və uzunmüddətli strateji düşüncəyə əsaslanır. Bu münasibətlərdə emosional ritorikadan çox, real nəticələr və konkret layihələr ön plandadır. Məhz bu səbəbdən tərəflər arasında əlaqələr regional böhranlardan və geosiyasi dalğalanmalardan nisbətən az təsirlənir", - o bildirib.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev ilə Gideon Saar arasında keçirilən görüş bir daha göstərdi ki, bu münasibətlər təsadüfi deyil, sistemli və planlı xarakter daşıyır.

"Siyasi dialoq, iqtisadi əməkdaşlıq, hərbi tərəfdaşlıq və humanitar əlaqələrin sintezi Azərbaycan-İsrail münasibətlərini Cənubi Qafqaz və Yaxın Şərq kontekstində xüsusi strateji modelə çevirir. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, o, ideoloji bloklaşmaya deyil, qarşılıqlı maraqların balansına söykənir. Məhz buna görə də Azərbaycan-İsrail tərəfdaşlığı təkcə ikitərəfli münasibət deyil, həm də regionda sabitlik və təhlükəsizlik baxımından mühüm geosiyasi faktora çevrilməkdədir", - A.Qarayev əlavə edib.

Seçilən
11
1
day.az

2Mənbələr