AZ

30 illik tərəfdaşlıq...

Bakı - NATO münasibətləri: praktik, etibarlı və davamlı

Azərbaycan yeni nizamda qlobal təhlükəsizliyin mühüm bir aktoruna çevrilməkdədir. Son 6 ildə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını yenidən formalaşdıran, regionun sabitlik indeksinin tam yenilənməsini təmin edən Bakı artıq qlobal kontekstdə sülhün bərqərar olunmasına töhfə verir. istər Yaxın Şərq, istər Qlobal Cənubu əhatə edən sülhpərvər siyasətimiz bunun bariz sübutudur. Azərbaycan etibarlı tərəfdaş, sülhün və təhlükəsizliyin qorunmasında aktiv fəaliyyət göstərən ölkə kimi xarakterizə olunur. Müasir qlobal təhlükəsizlik çağırışlarının fonunda NATO ilə Azərbaycan arasındakı tərəfdaşlıq xüsusilə diqqəti cəlb edir. Bu əlaqələr qarşılıqlı etimad, siyasi dialoq və praktiki əməkdaşlıq üzərində qurulan nümunəvi tərəfdaşlıq modeli kimi ön plana çıxır. Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması, Planlaşdırma və İcmal Prosesi (PARP) çərçivəsində fəal iştirakı, eləcə də NATO-nun müxtəlif missiya və əməliyyatlarına verdiyi töhfələr ölkəmizin alyansla münasibətlərinin institusional və yüksəksəviyyəli xarakter daşıdığını göstərir. Eyni zamanda, Bakıda NATO ilə bağlı keçirilən müntəzəm siyasi məsləhətləşmələr, yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər bu əməkdaşlığın yalnız texniki deyil, strateji məzmun daşıdığını təsdiqləyir.

Bakının regional sabitliyə verdiyi töhfə, enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol və beynəlxalq sülhməramlı təşəbbüslərdə fəallığı NATO tərəfindən də yüksək qiymətləndirilir. Məhz bu amillər Azərbaycan-NATO əlaqələrini sırf formal tərəfdaşlıqdan çıxararaq, qlobal və regional təhlükəsizlik arxitekturasına real töhfə verən, etibarlı və davamlı əməkdaşlıq səviyyəsinə yüksəldir.

NATO əməkdaşlığı davam etdirməyi planlaşdırır...

Yeri gəlmişkən, NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfəri çərçivəsində KİV-ə müsahibəsində bildirib ki, NATO ilə Azərbaycan təxminən otuz ildir ki, tərəfdaşlıq edir. Bu, çox möhkəm bir təməldir, çünki tərəfdaşlığımız hər iki tərəfin qarşılıqlı öhdəliyinə, qarşılıqlı fəaliyyətə və əməkdaşlığa əsaslanır: “Biz bu tərəfdaşlığı bir addım da irəli aparmaq istəyirik. Hazırda NATO ilə Azərbaycan arasında “Fərdi Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramı”nın demək olar ki, müəyyən bir mərhələsini başa çatdırmışıq. Bu proqram bizə həm siyasi dialoqu davam etdirmək, həm də praktiki əməkdaşlığı genişləndirmək imkanı verib. Azərbaycan bu əməkdaşlıqdan müxtəlif təlimlərdə iştirak, hərbi təlimlər, müdafiə islahatlarının dəstəklənməsi və modernləşmə istiqamətində faydalanıb. Bundan əlavə, biz Dürüstlüyün Təmin Edilməsi (Building Integrity), minatəmizləmə, kibertəhlükəsizlik kimi sahələrdə də əməkdaşlıq etmişik. Biz qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq. Çünki bu tərəfdaşlıq Azərbaycanla NATO arasında əməkdaşlığın zəruri məsələlər üzrə birgə işləməsini nəzərdə tutur”.

Vurğulandığı kimi, Azərbaycan daima qlobal təhlükəsizlik seqmentinin təmini üçün formalaşdırılan əməkdaşlıq platformalarının üzvü və ya tərəfdaşı olaraq mühüm fəaliyyəti ilə seçilib. Bu mənada, əməkdaşlıq etdiyimiz qrumlardan biri də NATO-dur. Azərbaycan NATO ilə hərbi sahədə yaxın tərəfdaşlığa malikdir - ölkəmiz alyansın bir sıra sülhyaratma missiyasında uğurla təmsil olunub. 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulan, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilən Azərbaycan ilə NATO arasındakı münasibətlər praktiki tərəfdaşlığa söykənir. Ölkəmiz ilə qurum arasındakı hərbi əməkhdaşlığa diqqət yetirdikdə görmək olur ki praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Son dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Regionda sülh və sabitlik üçün möhkəm əsas

Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan  və ABŞ liderləri arasında baş tutan görüş, imzalanan Birgə Bəyannamə beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni müstəviyə yüksəldilməsi deyil, həm də bütövlükdə Avrasiya məkanında sabitliyin möhkəmlənməsi, sülhün təşviqi və qlobal təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Ən əsası, bəyannamə sülh sazişinin imzalanması istiqamətində atılmış ən əsaslı və real addım kimi qiymətləndirilir. Belə bir sənədin imzalanması beynəlxalq sabitlik üçün ümidverici siqnaldır. Bu təşəbbüs müasir qlobal çağırışlara - terrorizmə, hərbi-siyasi risklərə, enerji böhranlarına və iqtisadi qeyri-müəyyənliyə qarşı daha koordinasiyalı yanaşmanı zəruri edir. Vaşinqton bəyannaməsi məhz bu baxımdan yalnız regional deyil, qlobal təhlükəsizlik mühitinə əlavə dəyər gətirir.

NATO Baş katibinin müavini də ötən il Vaşinqtonda iki ölkə arasında baş vermiş böyük irəliləyişi, ikitərəfli münasibətlərdə kəskin dönüşün və dəyişimin həqiqətən yüksək qiymətləndirildiyini, təqdir edildiyini bildirib. O deyib ki, NATO bu razılaşmanı regionda sülh və sabitlik üçün möhkəm əsas kimi görür: “Regionun sabitliyinə və hər iki ölkənin gələcək əməkdaşlığı üçün atılan addımlar münasibətilə Azərbaycanı, Ermənistanı və hər iki dövlətin rəhbərlərini biz artıq səmimi-qəlbdən təbrik etmişik. Münasibətlərin normallaşmasını çox vacib hesab edirik”.

8 avqust bəyənnaməsinin iqtisadi aspekti də xüsusi vurğulanmalıdır. Avrasiya məkanının mühüm dövlətləri arasında sabitliyin təmin olunması ticarət yollarının təhlükəsizliyini, nəqliyyat dəhlizlərinin dayanıqlı fəaliyyətini və enerji marşrutlarının etibarlılığını daha da gücləndirir. Bu, həm region ölkələri, həm də Avropa və Asiya üçün yeni iqtisadi imkanlar deməkdir. Radmila Şekerinska deyib ki, ticarət sahəsində artıq atılmış bəzi addımları, o cümlədən Ermənistana malların tranziti üçün icazə verilməsini çox faydalı hesab edirik: “Ümid edirik ki, növbəti addımlar tezliklə atılacaq, - yəni sazişin imzalanması və ratifikasiyası baş tutacaq. Bu irəliləyişi mümkün etdiklərinə görə həm Bakını, həm də İrəvanı təbrik etmişik, çünki bilirik ki, bu regionun sabitliyi bizim təhlükəsizliyimiz üçün də son dərəcə önəmlidir”.

Azərbaycan Kabildən çıxan son ölkə oldu...

Qurum ilə ölkəmiz arasındakı əməkdaşlıq həm də praktik mahiyyət daşıyır. Belə ki, Azərbaycan NATO-nun müxtəlif sülhyaratma missiyalarında uğurla təmsil olunub, fəallıq nümayiş etdirib. 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər, Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak ediblər. Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər. NATO Baş katibinin müavini bildirib ki, NATO ilə Azərbaycan arasında tərəfdaşlıq ikitərəfli bir prosesdir. Qurum müxtəlif proqramlar çərçivəsində Azərbaycanı bir çox istiqamətdə dəstəkləyib: “Eyni zamanda, Azərbaycan da öz öhdəliyini nümayiş etdirib. Bunun ən aydın göstəricilərindən biri Azərbaycanın Əfqanıstandakı missiyalarımıza qoşulmasıdır. Bu missiyalar Alyans üçün son dərəcə vacib idi. Siz tərəfdaş kimi bizim səylərimizə qoşuldunuz və çox uzun, çox çətin bir dövr ərzində orada qaldınız. Azərbaycan hətta Kabildən çıxan son ölkə oldu və bu, sizin öhdəliyiniz və töhfəniz haqqında çox şey deyir. Azərbaycan, həmçinin NATO müttəfiqlərinə köhnə enerji asılılıqları ilə mübarizədə çox faydalı, həlledici və mühüm dəstək göstərdi. Onlar Rusiyadan enerji tədarükünü dayandıraraq, bunu Azərbaycandan gələn enerji ilə əvəz edə bildilər”.

P.SADAYOĞLU

Seçilən
21
1
yeniazerbaycan.com

2Mənbələr