AZ

Qonşusunu bıçaqlayan şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə xuliqanlıq və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elməddin İskəndərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı Elməddin İskəndərov tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü onun Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv olunub, əməlində cinayət tərkibi olmadığından cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib. Elməddin İskəndərovun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunub. Onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə isə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 24 avqust 2023-cü il tarixdə saat 05:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən parkların birinin kənarında qeydə alınıb.


Belə ki, hadisədən bir qədər əvvəl həmin ünvanın həyətində Elməddin səs-küy saldığı üçün qonşusu, zərərçəkmiş Murad Mamedov ona irad bildirib. O, heç bir əsaslı səbəb olmadan zərərçəkmişlə mübahisə edib, özünü başqalarından üstün tutaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. Elməddin ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədib, üzərində gəzdirdiyi cib bıçağını silah qismində istifadə etməklə Murada qarşı zor tətbiq edib.


İstintaq materiallarına əsasən, Elməddin əvvəlcə zərərçəkmiş şəxsə sol bazu, döş qəfəsi, qarın və sol baldır nahiyələrindən müxtəlif zərbələr endirib. Nəticədə Muradın sol baldır nahiyəsində sağlamlığa zərər vurmayan xəsarətlər, sol bazu nahiyəsində deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yarısının ön səthində və qarın nahiyəsində daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar əmələ gəlib ki, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.


Hadisədən sonra zərərçəkmiş parkın içərisinə doğru uzaqlaşsa da, məhkum yenidən ona yaxınlaşaraq qərəzli hərəkətlərini davam etdirib və bir dəfə də qarın nahiyəsindən bıçaq zərbəsi endirib. Bu zərbə nəticəsində zərərçəkmişin qaraciyəri, köndələn çənbər bağırsağı və böyük piyliyi zədələnib, ona həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirilib. Bununla da məhkum xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə Elməddin İskəndərov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan istifadə etməklə xuliqanlıq) maddələri ilə təqsirli bilinib. Məhkəmənin qərarına əsasən, ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.


Birinci instansiya məhkəməsinin hökmündən müdafiə tərəfi narazı qalaraq apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Kamal Məmmədov 

Tarix: 27 Yanvar 2026, 08:49   
Seçilən
29
pravda.az

1Mənbələr