Berlinin hava hücumundan müdafiə ehtiyatları tükənir, Kiyev üçün əlavə tədarük mümkün deyil...
Poliqon xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin hazırda Ukraynaya əlavə Patriot zenit-raket kompleksləri ötürmək imkanının olmadığını açıqlayıb. Onun sözlərinə görə, Berlin artıq öz arsenalındakı Patriot sistemlərinin üçdə birindən çoxunu Kiyevə təhvil verib və bundan sonra tədarükü davam etdirmək Almaniyanın milli təhlükəsizlik ehtiyacları baxımından mümkün deyil.
Nazir bildirib ki, Almaniya Ukraynaya hava hücumundan müdafiə vasitələrinin verilməsində müttəfiqləri ilə müqayisədə qeyri-mütənasib dərəcədə böyük töhfə göstərib. Pistorius vurğulayıb ki, Almaniya hazırda Kiyevə İris-T sistemlərini tədarük edən yeganə ölkədir, lakin bu sistemlərin sayı Ukraynanın ehtiyaclarını tam qarşılamaq üçün kifayət etmir.
Xatırladaq ki, yanvarın 23-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Patriot zenit-raket kompleksləri üçün raketlərin Ukraynaya verilməsinə razılıq verdiyini açıqlamışdı. Bununla belə, Ukrayna tərəfi hava hücumundan müdafiə vasitələrinin çatışmazlığının hələ də ciddi problem olaraq qaldığını bildirir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Ukrayna–NATO Şurasının iclasında çıxış edərək ölkədə PUA və raket hücumlarına qarşı müdafiə vasitələrinin kəskin çatışmazlığının müşahidə olunduğunu demişdi. Onun sözlərinə görə, bu səbəbdən Ukrayna hazırda kritik infrastruktur obyektlərinin tam müdafiəsini təmin etməkdə çətinlik çəkir. Sırski iclas iştirakçılarına Ukrayna ordusunun ehtiyac duyduğu silah və texnika siyahısını da təqdim edib.
Poliqon.info