AZ

ABŞ Ordusunun “Bradley” PDM-ləri “Iron Fist” sistemləri ilə qorunacaq

İsrailin “Elbit Systems” şirkəti ABŞ Ordusunun “Bradley” piyada döyüş maşınları (PDM) üçün “General Dynamics Ordnance and Tactical Systems” (GD-OTS) şirkətinə “Iron Fist” aktiv müdafiə sistemləri tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı şirkətlər arasında 228 milyon ABŞ dolları dəyərində 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, daha əvvəl də GD-OTS şirkəti ABŞ Ordusunun “Bradley” PDM-ləri üçün “Elbit Systems”ə “Iron Fist” sistemləri sifariş edib.

“Iron Fist”, zirehli platformaların dözümlülüyünü artırmaq və onları müasir döyüş sahəsinin müxtəlif təhlükələrindən qorumaq üçün hazırlanmış, “hard-kill” (birbaşa məhv edən) aktiv müdafiə sistemidir. İsrail Müdafiə Qüvvələrinin ikinci nəsil AMS sistemi olan “Iron Fist”, kompakt ölçü, aşağı çəki və minimal enerji tələbatı kimi üstünlüklərlə yüksək performansı birləşdirir. Həm açıq ərazilərdə, həm də mürəkkəb şəhər mühitində effektiv işləyən bu sistem, 360 dərəcə qoruma təmin edərək aşağıdakı təhdidləri zərərsizləşdirə bilir:

Tank əleyhinə raketlər;

Tank əleyhinə idarə olunan raketlər;

Pilotsuz uçuş aparatları;

Süzən sursatlar;

Kinetik enerji mərmiləri (APFSDS).

Qeyd edək ki, “Iron Fist” AMS NATO ölkələrinin və dünyanın aparıcı orduları tərəfindən müxtəlif döyüş platformalarına inteqrasiya üçün seçilib və artıq qlobal səviyyədə tanınan müdafiə həlli hesab olunur.

Seçilən
2
1
poliqon.az

2Mənbələr