İsrailin “Elbit Systems” şirkəti İsveçin “BAE Systems Hägglunds” şirkətindən NATO üzvü olan Avropa dövlətlərinin CV90 piyada döyüş maşınları (PDM) üçün “Iron Fist” (“Dəmir Yumruq”) aktiv müdafiə sistemləri (AMS) sifarişi alıb.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı iki şirkət arasında ümumi dəyəri 150 milyon ABŞ dolları olan müqavilələr imzalanıb.
Bu yeni sifarişlər 2025-ci ilin sentyabr ayında Avropada keçirilmiş mühüm sınaq mərhələsindən sonra verilib. Həmin tarixdə “Elbit Systems” Avropada genişmiqyaslı canlı atəş nümayişi keçirərək “Iron Fist” sisteminin müasir kinetik enerji təhdidlərini zərərsizləşdirmək qabiliyyətini nümayiş etdirib. Sınaqlar zamanı sistem 12 ədəd və daha çox 120 mm-lik APFSDS tank mərmisini havada uğurla ələ keçirərək məhv edib. Bu, aktiv müdafiə sistemləri sahəsində nadir və mühüm nailiyyət hesab olunur. Müdafiə sənayesi və yüksək rütbəli hərbi nümayəndələrin qatıldığı bu tədbir, “Iron Fist” sisteminin döyüş meydanında ən çətin zirehdələn təhdidlərə qarşı effektivliyini təsdiqləyib.
“Iron Fist”, zirehli platformaların dözümlülüyünü artırmaq və onları müasir döyüş sahəsinin müxtəlif təhlükələrindən qorumaq üçün hazırlanmış, “hard-kill” (birbaşa məhv edən) aktiv müdafiə sistemidir. İsrail Müdafiə Qüvvələrinin ikinci nəsil AMS sistemi olan “Iron Fist”, kompakt ölçü, aşağı çəki və minimal enerji tələbatı kimi üstünlüklərlə yüksək performansı birləşdirir. Həm açıq ərazilərdə, həm də mürəkkəb şəhər mühitində effektiv işləyən bu sistem, 360 dərəcə qoruma təmin edərək aşağıdakı təhdidləri zərərsizləşdirə bilir:
Tank əleyhinə raketlər;
Tank əleyhinə idarə olunan raketlər;
Pilotsuz uçuş aparatları;
Süzən sursatlar;
Kinetik enerji mərmiləri (APFSDS).
Qeyd edək ki, “Iron Fist” AMS NATO ölkələrinin və dünyanın aparıcı orduları tərəfindən müxtəlif döyüş platformalarına inteqrasiya üçün seçilib və artıq qlobal səviyyədə tanınan müdafiə həlli hesab olunur.