AZ

Zelenski Svetlana Tixanovskayanı Kiyevə dəvət edib -FOTOLAR

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Ukrayna Prezidenti Volodimir Zelenskidən Kiyevə səfər etmək üçün dəvət aldığını açıqlayıb. O bildirib ki, azad Belarusun və Ukraynanın taleləri bir-biri ilə sıx bağlıdır. SİA-nın verdiyi məlumata görə, Svetlana Tixanovskaya yanvarın 25-də Litvanın paytaxtı Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş Zelenskinin Litvaya səfəri çərçivəsində baş tutub.

Tixanovskaya görüşlə bağlı “Telegram” hesabında paylaşım edərək bildirib: “Bu gün Vilnüsdə Prezident Zelenski ilə görüşmək mənim üçün şərəf idi. O, azadlığından imtina etməyən bir xalqın cəsarətini təcəssüm etdirir.”

Belarus müxalifət liderinin sözlərinə görə, Ukrayna və Belarusun mübarizəsi ortaqdır və hər iki ölkənin gələcəyi Avropa ilə bağlıdır. O, Ukrayna xalqına dəstəyini ifadə edib, həmçinin Ukraynada azadlığa buraxılmış belaruslu siyasi məhbusların qəbul edilməsini xüsusi qeyd edib. Bildirilib ki, tərəflər gələcəkdə Kiyevin bu cür dəstəyi davam etdirməyə hazır olduğunu da müzakirə ediblər.

Görüş zamanı sanksiya siyasəti, Avropa ölkələri və ABŞ ilə birgə strategiya, eləcə də belarus rəhbərliyinin, o cümlədən ukraynalı uşaqların oğurlanması ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələləri müzakirə olunub.

Məlumata görə, Svetlana Tixanovskaya Ukraynaya Belarus məsələləri üzrə xüsusi nümayəndə təyin olunmasını təklif edib. O, həmçinin Kiyevdə fəaliyyət göstərən demokratik qüvvələrin missiyası ilə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Görüş zamanı Volodimir Zelenski Tixanovskayanı Kiyevə rəsmi səfərə dəvət edib.

Tixanovskaya qeyd edib ki, azad Belarus və Ukraynanın taleləri bir-biri ilə ayrılmaz şəkildə bağlıdır və onun komandası Ukrayna ilə daha sıx əməkdaşlıqda maraqlıdır.

Xatırladaq ki, yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya səfər edərək Lyublin üçbucağı formatında keçirilən görüşdə iştirak edib. Vilnüsdə 1863–1864-cü illər Yanvar üsyanı zamanı həlak olanların xatirəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı Zelenski bildirib ki, Belarus diktatoru Aleksandr Lukaşenkonun iti Belarus xalqından daha çox hüquqa malikdir.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
105
sia.az

1Mənbələr