AZ

Azər Həsrət: “Rusdilli qızların barlara getdiyini demirəm, deyirəm ki, barlarda daha çox rus dilində danışılır”

Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət “YouTube” platformasında yayımlanan “Bax da” kanalına müsahibəsi zamanı Bakıda fəaliyyət göstərən gecə barlarına gedən qızların əksəriyyətinin rus dilində danışması barədə fikirlərinin tənqid olunmasına münasibət bildirib.

 

A.Həsrət Pravda.az-a açıqlamasında deyib ki, geniş video-müsahibəsindən kiçik bir hissəni kəsib paylaşaraq kontekstindən çıxarıblar.

 

“Mən rusdilli qızların barlara getdiyini demirəm, deyirəm ki, barlarda daha çox rus dilində danışılır. Bu məsələ ilə bağlı söhbət yeddi-səkkiz il bundan əvvəl olub. Yəni köhnə söhbətdir, təzə deyil. Baxıram ki, xüsusən, Rusiyaya, Moskvaya rəğbəti ilə seçilənlər bunu yeni bir şey imiş kimi təqdim edirlər. İkincisi, müsahibədə bunu xatırladıram ki, əvvəl də belə şey demişdim və linç edilmişdim. Əgər kimsə bara gedirsə, bu, onun şəxsi işidir. Heç kim heç kimin bara getməsinə qarışa bilməz. İkincisi, əlbəttə, mənim bara gedəcək tipim də yoxdur. Ümumiyyətlə, bu yaşa kimi bara getdiyimi xatırlamıram. Sadəcə, bəzən müəyyən adamlarla ünsiyyətdə oluruq və adətən belə eşdirəm ki, əsas işlək dil rus dilidir. Xüsusən, qızlar. Barlara bilirsiniz də kimlər gedirlər. Daha çox xarici qonaqlar, yaxud "qlamur" dediyimiz kəsim. Bir qayda olaraq bəzi qızların az qala hamıya rus dilində müraciət etmələri haqqında az eştiməmişəm. Bunu araşdırmaq çətin deyil. Bizə yaraşmaz, amma nisbətən gənc həmkarlarımız gedib barları gəzsinlər, burda nə var ki? Bir içki içsinlər, müşahidə aparsınlar, dediklərim təsdiqlənəcək. Yəni müsahibəmdə bu rusdillilər təhqiramiz nə gördülər ki, üstümə düşüblər? Deyirəm ki, barlarda rus dilində danışılır, lap elə barlara rus dilində danışan qızlar gedirlər. Bax burda təhqiramiz nə var? Bilirsiniz ki, barlar qanun çərçivəsində fəaliyyət göstərir, qeyri-qanuni deyil ki. Belə olsa, dövlət barların qapısına qıfıl vurar, bu cür fəaliyyətlə məşğul olanları da cəzalandırar. Videonun kontekstdən çıxarılaraq paylaşılması bir daha rusdilli kəsimin nə qədər həyatın dibində olduğunu göstərdi. Hamıya aid etmirəm, amma xeyli adam ortaya çıxdı. Azərbaycan dilli kəsimi təhqir etməyə başladılar. Hətta dedilər ki, barlar kənd qızları ilə doludur. Guya kəndlərdən qızlar gəlib barlara doluşurmuşlar. Bu cür ifadələr yazıb paylaşdılar. İndi sual edirəm, sözü demişəm, lap tutaq ki, kimisə təhqir etmişəm. Bunu fərd olaraq mən demişəm. Bəs mənim fikrimi rəhbər tutaraq bütün Azərbaycan qızlarını, qadınlarını təhqir etməyi hara yozaq? Tutaq ki, kimsə bara gedir, ya getmir. Lap kənddən, şəhərdən gedir. Dəxli yoxdur. Sözü deyən adam mənəm, niyə millətin qızını, qadınını, özü də Azərbaycan bölməsində oxumuş, yaxud oxuyanları təhqir etdi bunlar? Görürsünüz, nə qədər aşınıblar, həyatın dibində, bədbəxt durumdadırlar ki, kiminsə sözünə görə bütöv bir milləti, onun qadınlarını təhqir edirlər. Buna görə deyirəm ki, bu kəsim təhlükəlidir. Adi bir məsələni bəhanə edib, ortaya düşür, bu cür zəhlətökənlik edirlər. Düşünürəm ki, rus dili, rus bölməsi, rus məktəbləri məsələsi, əlbəttə, gündəmdə tutulmalıdır. Onların tezliklə qapadılması bir nömrəli məsələ olmalıdır. Rus əxlaqı ilə də bağlı həmin müsahibədə çox şeylər demişəm. Niyə bu məsələlərin üzərinə getmirlər? Məsələn, dedim ki, Rusiyada azyaşlı qız uşağının belə atası ilə söyüşlə danışması normaldır. Həmin fikrimi təkzib edə bilmirlər, buna görə üstünə getmirlər? Çünki əsl rus əxlaqı budur? Uşaqlarını da buna görə rus dilində oxudub rus mədəniyyətinə yaxınlaşdırırlar ki, bizim azərbaycanlı qız uşaqlarımız da ataları ilə söyüşlə danışsınlar? Videonun tamamına baxmayan adamlar fikir yürüdürlər və məni təhqir edirlər. Hamısına baxıram! Təbii ki, it hürər, karvan keçər. Baş qoşmuram. Hər kəs öz səviyyəsizliyi şəklində təzahür edir. Videonun tamamına baxanlar görürlər ki, heç kimi təhqir etmirəm, olanları deyirəm. Bir də xatırladıram ki, illər öncə də belə bir ifadə işlətmişdim və linç edilmişdim. Başlıqları isə belə çıxarırlar ki, Azər Həsrət rus bölməsində oxuyan qızları təhqir etdi. Təhqirdir? Açın baxın..." - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 26 Yanvar 2026, 09:58   
Seçilən
91
pravda.az

1Mənbələr