AZ

Zelenski: ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd tam hazırdır...

Sazişin imzalanması üçün yalnız tərəfdaşların tarix və məkan üzrə razılığı gözlənilir...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri ilə bağlı sənədin tam hazır olduğunu açıqlayıb. O, bu barədə Litvanın paytaxtı Vilnüsdə keçirilən mətbuat konfransında danışıb. Zelenskinin sözlərinə görə, sənəd artıq 100 faiz hazır vəziyyətdədir və konkret mexanizmləri ehtiva edir.

Ukrayna lideri bildirib ki, təhlükəsizlik zəmanətləri müharibənin başa çatması üçün real və dəqiq tarixlərin müəyyənləşdirilməsinə imkan yaradır: “Təhlükəsizlik zəmanətlərinə gəldikdə, konkret zəmanətlər müharibənin bitəcəyi vaxtın müəyyənləşdirilməsinə şərait yaradır. ABŞ ilə təhlükəsizlik zəmanətləri məsələsində sənəd bizim üçün tam hazırdır”, – Zelenski deyib.

Onun sözlərinə əsasən, hazırda Ukrayna tərəfi tərəfdaş ölkələrin sənədin imzalanması üçün yer və vaxtın razılaşdırılmasına hazır olmasını gözləyir. Zelenski vurğulayıb ki, sənəd imzalandıqdan sonra ABŞ Konqresində və Ukrayna Ali Radasında ratifikasiya prosesindən keçməlidir.

Xatırladaq ki, yanvarın 22-də Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp İsveçrədə keçirilən Dünya İqtisadi Forumu çərçivəsində qapalı görüş keçiriblər. “Financial Times” qəzetinin məlumatına görə, təxminən bir saat davam edən bu görüşdə tərəflər konkret razılaşma əldə edə bilməyiblər. Nəşr yazır ki, danışıqların nəticəsiz qalması Ukrayna prezidenti üçün məyusedici olub.

Eyni gün Ağ Evin rəhbəri Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması prosesində ciddi irəliləyişin olduğunu bəyan edib və vəziyyətin “yaxın gələcəkdə” həll olunacağına ümid etdiyini bildirib. Daha sonra isə Tramp Zelenskinin razılaşma imzalamaq istədiyini də qeyd edib.

Poliqon.info

Seçilən
125
17
poliqon.info

10Mənbələr