AZ

Onkoloji xəstələrin müalicəsi ilə bağlı AÇIQLAMA - “Bu, qeyri-düzgündür”

“Hazırda onkoloji xəstələrin müalicəsi Milli Onkologiya Mərkəzində həyata keçirilir. Respublikada onkoloji xəstələrin müalicəsinin mühüm tərkib hissəsi hesab olunan radioterapiya yalnız Onkologiya Mərkəzindədir. Belə olan halda, xəstələrin ayrı-ayrı yerlərdə epizodik müalicə alması məqsədəuyğun deyil.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, hazırda özəl klinikalar onkoloji xəstəliklərin müalicəsi istiqamətində tam təchizatlı deyil:

“Nə qədər ki, özəl klinikalar müalicə və müayinə imkanlarına tam yiyələnməyib, belə addımın atılması qeyri-düzgündür. İkincisi, onkoloji xidmətlərin özəl klinikalarında həyata keçirilməsi üçün birinci növbədə, onkoloji xəstələrə təcili yardım mülkiyyət formasından asılı olmayaraq, istənilən klinikada icbari tibbi sığorta çərçivəsində olmalıdır. Məsələn, belə xəstəyə qanaxma, katertrın qoyulması, drenajın çıxarılması yaxud həyat keyfiyyətinə bağlı hər hansı prosedurun aparılması icbari tibbi sığorta paketinə daxil edilməlidir”.

Professor həmçinin vurğulayıb ki, onkoloji xəstələrin müalicəsi baxımından əsas yer Milli Onkologiya Mərkəzi olmalıdır:

“Amma onkoloji xəstələrin peşəkar müalicəsi üçün diaqnostika, müayinə və prosedurların Milli Onkologiya Mərkəzində aparılması daha məqsədəuyğundur. Respublikada yeganə Pozitron Emissiya Tomoqrafiya (PET) Milli Onkologiya Mərkəzinin yanındakı Nüvə Təbabəti Mərkəzindədir. Ona görə də, bu mərkəzin imkanlarının istənilən bir klinikadan daha yüksək olduğu üçün, hesab edirəm ki, onkoloji xəstələrin müalicəsi baxımından əsas yer Milli Onkologiya Mərkəzi hesab edilməlidir”.

Qeyd edək ki, bu il onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə 118 milyon manat vəsait yönəldiləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
11
1
yenisabah.az

2Mənbələr