"Ümumdünya İqtisadi Forumunda (Davos) Azərbaycan və ABŞ prezidentləri arasında keçirilən görüş, müzakirə edilən məsələlər bir daha təsdiq etdi ki, iki ölkə arasında münasibətlər dərinləşir, strateji xətt üzrə inkişaf edir. Eyni zamanda kifayət qədər səmimi mühitdə görüş keçirildi. Həm ikitərəfli, həm də çoxtərəfli məsələlər müzakirə olundu. Bu fonda viza məsələsi gündəmə gətirilib. Azərbaycan Amerikanın viza qadağası olan ölkələr siyahısında deyil. Yalnız miqrasiya ilə bağlı vizanın verilməsi məhdudlaşdırılıb. Azərbaycandan Amerikaya getməklə bağlı viza verilməsində hər hansı məhdudiyyət yoxdur. Amerika, demək olar, əksər ölkələrdə miqrasiya ilə bağlı vizanı məhdudlaşdırıb. Bu da məhz yeni miqrasiya siyasətinin və strategiyasının hazırlanması ilə bağlıdır".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Amerikaya səfərlər, təhsil ilə bağlı, eləcə də turist kimi getmək üçün viza almaqda qadağa və çətinlik yoxdur: "Əvvəlki kimi Azərbaycan vətəndaşları vizaya müraciət edib ala bilərlər. Gözlənilir ki, ABŞ-nin yeni miqrasiya strategiyası hazır olduqdan sonra yenidən Azərbaycan da daxil olmaqla, digər tərəfdaş ölkələrə miqrasiya vizaları da təklif olunacaq".
Aytəkin Qardaşova