Rusiya tərəfi Ukrayna münaqişəsinin uzunmüddətli və sabit həllinin yalnız ərazi məsələsinin tam şəkildə çözülməsindən sonra mümkün ola biləcəyini bəyan edib.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə ABŞ nümayəndəsi Stiv Uitkoff arasında Kremldə keçirilən görüşdən sonra açıqlama verib.
Uşakovun sözlərinə görə, Putinlə ABŞ nümayəndə heyəti arasında danışıqlar təxminən dörd saat davam edib və geniş mövzular ətrafında müzakirələr aparılıb. ABŞ tərəfi Putini Davosda Donald Tramp ilə Volodimir Zelenski arasında keçirilmiş görüş barədə məlumatlandırıb.
Əbu-Dabidə üçtərəfli mexanizm işə düşür
Görüşün ən mühüm nəticələrindən biri kimi 23 yanvar tarixində Əbu-Dabidə Rusiya–ABŞ–Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasının keçirilməsi barədə razılıq əldə olunub. Rusiya nümayəndə heyətinə QRU-nun rəhbəri İqor Kostyukov başçılıq edəcək.
Putin Uitkoffla görüşdən sonra Əbu-Dabiyə yola düşəcək Rusiya nümayəndə heyətinə konkret tapşırıqlar verib. Eyni zamanda, Kirill Dmitriyev və Stiv Uitkoff iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrupunun rəhbərləri kimi Əbu-Dabidə ayrıca görüş keçirəcəklər.
“Ərazi məsələsi olmadan sülh mümkün deyil”
Uşakov vurğulayıb ki, Rusiya mövqeyinə görə, ərazi məsələsi həll edilmədən Ukraynada davamlı sülhdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, diplomatik proses paralel getsə də, Rusiya münaqişə tam həll olunana qədər hərbi sahədə fəaliyyətini davam etdirəcək.
Bəs bu diplomatik proses Ukrayna müharibəsinin real və davamlı sülhlə nəticələnməsi üçün nə dərəcədə perspektivlidir və tərəflərin əsas strateji məqsədləri nədir?

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, Ukrayna–Rusiya müharibəsinin real və davamlı atəşkəslə nəticələnməsi üçün faktiki olaraq iki əsas ssenari mövcuddur:
“Birinci ssenari ondan ibarətdir ki, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində koordinasiyalı və kardinal bir döyüş üstünlüyü yarada bilsin. Yalnız bu halda Rusiya danışıqlara real güzəşt mövqeyindən yanaşa bilər. Əks təqdirdə, mövcud vəziyyət Rusiyanın xeyrinə işləyir: Moskva cəbhədə hərbi təşəbbüsü tam itirmədən, paralel şəkildə “üç günlük atəşkəs”, “humanitar pauza” kimi mexanizmlərlə vaxt udur və siyasi-diplomatik manevr imkanlarını genişləndirir. Bu kontekstdə Rusiyanın könüllü şəkildə Ukraynaya ərazi qaytaracağı inandırıcı görünmür”.
Şərhçinin sözlərinə görə, ikinci ssenari isə Ukraynanın faktiki reallığı qəbul etməsi ilə bağlıdır:
“Yəni Kiyevin hazırda Rusiyanın nəzarətində olan ərazilərin qısa və orta perspektivdə geri qaytarılmasının mümkün olmadığını de-fakto qəbul edərək, müharibəni dayandırmağa razılaşmasıdır. Bu, de-yure tanıma anlamına gəlməsə belə, faktiki vəziyyətlə barışmaq deməkdir. Belə bir yanaşma Ukraynaya gələcəkdə geosiyasi və hərbi balans dəyişdiyi təqdirdə həmin məsələyə yenidən qayıtmaq imkanı verə bilər.
ABŞ faktoruna gəldikdə isə, Vaşinqtonun hazırkı prioritetlərinin Ukrayna olmadığı açıq şəkildə görünür. Amerika Ukraynanı tam məğlubiyyətə buraxmaq istəmir, lakin eyni zamanda onun qələbəsi üçün bütün resurslarını səfərbər etmək niyyətində də deyil”.
Azər Hüseynov qeyd edib ki, ABŞ-nin diqqəti daha çox qlobal güc balansının yenidən qurulmasına, xüsusilə də Çinlə rəqabət kontekstində formalaşdırılan “sülh şurası” və oxşar platformalara yönəlib:
“Bu isə Ukraynanın müharibədə təkbaşına həlledici dönüş yaratmaq imkanlarını daha da məhdudlaşdırır. Beləliklə, döyüş meydanında köklü və kardinal dəyişiklik baş vermədiyi təqdirdə – ki bu da hazırkı şərtlər daxilində real görünmür, davamlı atəşkəs yalnız Ukraynanın faktiki ərazi itkilərini qəbul etməsi əsasında mümkün ola bilər. Əks halda müharibə aşağı intensivlikdə, lakin uzunmüddətli şəkildə davam edəcək”.