AZ

ŞKTC Prezidenti Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin bir qrup üzvünü qəbul edib

Ankara, 22 yanvar, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunu və cəmiyyətin idarə heyətinin bir qrup üzvünu Lefkoşada Prezident İqamətgahında qəbul edib.

Bu barədə AZƏRTAC–a O.Həsənoğlu məlumat verib. Qeyd olunub ki, görüşdə o, ŞKTC Prezidenti Tufan Erhürmana 2012-ci ildən adada fəaliyyət göstərən Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin gördüyü işlər, həyata keçirdiyi layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda Şimali Kipr Türk Cümhuriyyətində iki minə yaxın azərbaycanlı yaşayır. Onların arasında tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan elm adamları və mütəxəssislər də var. Bu gün ŞKTC–də rəsmi qaydada 300-dən artıq azərbaycanlı əmək fəaliyyətini davam etdirərək iki qardaş ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

O.Həsənoğlu Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin mədəniyyət, təhsil, ticarət və universitetlərarası əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirdiyini vurğulayıb.

Prezident T.Erhürman Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin rəhbərliyinə və idarə heyətinə ziyarətə görə minnətdarlığını bildirib, Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. O qeyd edib ki, qardaş Azərbaycanla əlaqələrin dərinləşdirilməsi Şimali Kipr Türk Cümhuriyyəti üçün xüsusi əhəmiyyət daşıyır və yaxın gələcəkdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə Şimali Kipr Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

Prezident, həmçinin Şimali Kipr Türk Cümhuriyyətində yaşayan azərbaycanlıların daim diqqət mərkəzində olduğunu və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Görüşdə Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri - Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən professor Rəcəb Rəcəbov, doktor Bəxtiyar Məmmədov və doktor Rəşad Məmmədov elmi, mədəni və ictimai əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

Seçilən
105
3
azertag.az

4Mənbələr