BAKI, 21 yanvar. TELEQRAF
Xarici İşlər Nazirliyinin (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən gənc diplomatlar üçün Qabaqcıl Xarici Siyasət Proqramının məzun günü baş tutub.
Bu barədə Teleqraf-a XİN-dən məlumat verilib.
Bildirilib ki, məzun günündə xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, XİN-in struktur bölmə rəhbərləri, gənc diplomatlar iştirak ediblər.
Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev, həm səfir olduğu dönmədə, həm də indiki vəzifəsi çərçivəsində əldə etdiyi təcrübəsini iştirakçılarla bölüşüb. Bir sıra faydalı tövsiyələr verib və gənc diplomatlara fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra çıxış edən xarici işlər naziri Ceyhun Bayramov, çoxmərhələli imtahan prosesi nəticəsində diplomatik xidmətə qəbul olunmuş gənc diplomatları Qabaqcıl Xarici Siyasət Proqramının məzunu olmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Hazırkı dövrdə transformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemində ölkəmizin milli maraqlarına əsaslanan Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun irəlilədilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Bu istiqamətdə nazir Ceyhun Bayramov bu kimi çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasının vacib olduğunu vurğulayıb. Nazir diplomatlara öz tövsiyələrini verib.
ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva və Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış edərək 2025-ci ildə təşkil olunmuş Qabaqcıl Xarici Siyasət Proqramının məzmunu, müxtəlif sahələr üzrə təşkil olunmuş təlimlər və səfərlər haqqında ətraflı məlumat veriblər. Proqramın məzmununun bundan sonra da təkmilləşdirilməsi istiqamətində addımların davam etdiriləcəyi diqqətə çatdırılıb.
Sonra proqram iştirakçıları arasında seçilmiş iki nəfər gənc diplomat çıxış edərək proqram haqqında fikir və təəssüratlarını diqqətə çatdırıb, habelə proqram təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.
Sonda gənc diplomatlar Proqramda iştirakları ilə bağlı sertifikatlarla təltif olunublar.