AZ

Bakıda ŞOK DƏLƏDUZLUQ – Bu hallara diqqət etməsəniz…

Bakıda dələduzluq faktı qeydə alınıb. Paytaxtda qızıl satışı ilə məşğul olan mağazaya 8200 manatlıq sifariş verilib və məhsulun kuryer vasitəsilə Grand Həyat kompleksinin qarajında təhvil alınması istənilib. Özünü müştəri kimi təqdim edən şəxs ödənişi dollarla edəcəyini deyərək kuryeri aldadıb və ona 4 900 ABŞ dolları məbləğində saxta pul verib. Pulların saxta olduğu anlaşıldıqdan sonra əlaqə saxlanılsa da, həmin şəxs əlaqəni kəsərək yoxa çıxıb. Bakıda qızıl mağazasında qeydə alınan bu dələduzluq hadisəsi son dövrlər ticarət sahəsində, xüsusilə də kuryer vasitəsilə satış zamanı risklərin artdığını bir daha göstərir.

Hadisənin detallarından aydın olur ki, alıcı adı ilə çıxış edən şəxs əvvəlcədən planlaşdırılmış şəkildə həm mağazanı, həm də kuryeri aldadaraq yüksək məbləğdə saxta dolları ödəniş kimi təqdim edib və sonradan əlaqəni tam kəsib.

Bəs bu cür hallar baş verən zaman nə edilməlidir?

Natiq Ələsgərov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov qeyd edib ki, bu hadisə Cinayət Məcəlləsinin dələduzluq və saxta puldan istifadə maddələri üzrə ağır hüquqi məsuliyyət yaradır və əgər təqsirkar şəxs müəyyən edilərsə, onu real azadlıqdan məhrumetmə cəzası da gözləyə bilər.

Hüquqşünas bildirir ki, saxta pul dövriyyəyə buraxılması ayrıca ağır cinayət hesab olunur və bu əməl dələduzluqla birgə törədildikdə cəza daha da sərtləşdirilir:

“Belə hallarda ilk və ən vacib addım dərhal hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmək, mövcud sübutları – yazışmaları, telefon nömrələrini, kameraların görüntülərini, kuryerin izahatını və təqdim edilən saxta pulları istintaqa təqdim etməkdir. Mağazaların təhlükəsizlik kameraları, yaşayış komplekslərinin qarajlarında mövcud olan müşahidə sistemləri və mobil operatorlardan alınan məlumatlar təqsirkarın müəyyən edilməsində mühüm rol oynaya bilər”.

Hüquqşünas eyni zamanda vurğulayır ki, kuryer vasitəsilə satış zamanı xüsusilə iri məbləğli məhsulların ünvanda, nəzarətsiz və qapalı məkanlarda təhvil verilməsi ciddi risk yaradır və bu, hüquqi baxımdan da sahibkarın öz məsuliyyətini artırır.

Onun sözlərinə görə, mağazalar ödənişin yalnız rəsmi, yoxlanıla bilən üsullarla – nağd milli valyuta, POS-terminal və ya bank köçürməsi yolu ilə aparılmasını şərt kimi qoymalıdır:

“Xarici valyuta ilə nağd ödənişlər zamanı saxta pul riski daha yüksəkdir və belə hallarda ödənişin bankda və ya xüsusi detektorlarla yoxlanılması mütləqdir. Vətəndaşlar da bilməlidir ki, saxta pul dövriyyəyə buraxan şəxslə qarşılaşdıqda onu geri qaytarmaq və ya məsələni “razılaşma yolu ilə” həll etməyə çalışmaq düzgün deyil, çünki bu, sonradan hüquqi problemlərə yol aça bilər”.

Seçilən
165
10
nocomment.az

10Mənbələr