AZ

Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır

Prezident İlham Əliyev qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, eləcə də regionlarda iqtisadi fəallığın və məşğulluğun artırılması məqsədilə Qərb Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılacaq. Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur və idarəetmə qurumlarına malik olacaq, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli məhsul və xidmətlərin istehsalına yönələcək.

Qərb Sənaye Parkının fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.

Sənəddə qeyd olunur ki, sənaye parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun yaradılması üçün layihələndirmə işlərinin icrası məqsədilə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat vəsait ayrılacaq.

Nazirlər Kabinetinə üç ay müddətində Gəncə şəhəri Yevlax şosesində yerləşən, “Azəralüminium” MMC-nin istifadəsində olan 81,8 hektar dövlət torpaq sahəsinin, eləcə də Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən 100 hektar bələdiyyə torpaq sahəsinin Qərb Sənaye Parkının fəaliyyətinə cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.

İqtisadiyyat Nazirliyi isə iki ay müddətində Qərb Sənaye Parkında istehsal və emal olunacaq sənaye məhsulları və göstəriləcək xidmətlər üzrə prioritet istiqamətləri müəyyən edərək Prezidentə məlumat verməlidir.

Maliyyə Nazirliyinə fərmanda nəzərdə tutulan maliyyələşmənin təmin edilməsi tapşırılıb.

Seçilən
75
8
teleqraf.com

10Mənbələr