AZ

Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır

Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi və regionlarda iqtisadi fəallığın artırılması məqsədilə Gəncə şəhəri və Şəmkir rayonu ərazisində Qərb Sənaye Parkı yaradılır.

Olaylar.az, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Qərb Sənaye Parkı müasir texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün zəruri infrastruktur və idarəetmə mexanizmlərinə malik ərazi olacaq. Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.

Sənədə uyğun olaraq, Qərb Sənaye Parkının fəaliyyətinin təşkili və ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, eləcə də xarici və daxili infrastrukturun yaradılması üçün layihələndirmə işlərinin aparılması məqsədilə 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat vəsait ayrılacaq.

Nazirlər Kabinetinə üç ay müddətində bir sıra tapşırıqlar verilib. Belə ki, Gəncə şəhəri Yevlax şosesində yerləşən və "Azəralüminium" MMC-nin istifadəsində olan 81,8 hektar dövlət mülkiyyətindəki torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsi təmin ediləcək. Eyni zamanda, Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən 100 hektar bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilərək sənaye torpaqları kateqoriyasına keçiriləcək və sənaye parkının fəaliyyətinə cəlb olunacaq.

Nazirlər Kabineti görülən tədbirlər barədə Prezidentə məlumat verməli, Fərmandan irəli gələn digər məsələləri də həll etməlidir.

İqtisadiyyat Nazirliyinə isə Qərb Sənaye Parkında istehsal və emal olunacaq sənaye məhsulları, eləcə də göstəriləcək xidmətlər üzrə prioritet istiqamətlərin iki ay müddətində müəyyənləşdirilməsi, həmçinin infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün Agentliyə dəstək göstərilməsi tapşırılıb.

Maliyyə Nazirliyi ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
3
olaylar.az

10Mənbələr