Prezident İlham Əliyevin sədrliyi ilə 2026-2035-ci illəri əhatə edən Bakı və Abşeron yarımadasında su təminatı, habelə yağış və tullantı suları sistemlərinin modernləşdirilməsini hədəfləyən dövlət proqramına həsr olunmuş müşavirə keçirilib. Qəbul olunmuş dövlət proqramı ölkəmizdə ekoloji dayanıqlılığı hədəfləyən strateji bir sənəddir. Proqram çərçivəsində köhnəlmiş infrastrukturun yenilənməsi, "ağıllı su şəbəkələri"nin qurulması və su itkilərinin kəskin azaldılması üçün konkret iki mərhələli fəaliyyət planı nəzərdə tutulur.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, burada beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı kimi layihələr xüsusi yer tutur: "Proqramın əsas məqsədi əhalini fasiləsiz içməli su ilə təmin etmək, subasma risklərini aradan qaldırmaq və bölgənin ekoloji təhlükəsizliyini gücləndirməkdir. Sənəddə, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və su ehtiyatlarının idarə olunmasında rəqəmsallaşma prioritet istiqamətlər kimi müəyyən edilib. Statistikaya görə, dünya əhalisinin dörddəbiri, yəni 2,2 milyarddan çox insan su qıtlığından əziyyət çəkir. Bu çatışmazlığı aradan qaldırmaq üçün dəniz suyunun duzsuzlaşdırılması, yağış suyunun təkrar istifadəsi və tullantı sularının təmizlənərək suvarmada tətbiqi kimi alternativ su mənbələrinin əldə olunması istiqamətində innovativ həllər su problemində istifadə olunur. Ölkəmizdə də artıq bu yeniliklərə start verilir. İnnovativ resurs idarəçiliyi modelinə keçid edilir".
Deputat qeyd edib ki, alternativ su mənbəyi kimi dəniz suyunun duzsuzlaşdırılması və istifadəsi ekoloji tarazlığın qorunmasına və su təhlükəsizliyinin təmin edilməsinə bir neçə mühüm istiqamətdə təsir göstərir. İlk öncə bu, təbii su mənbələri üzərindəki yükün azaldılması deməkdir. Qlobal iqlim dəyişmələri və yağıntıların azalması səbəbindən ölkəmizin Şollar, Xaçmaz və Kür kimi ənənəvi su mənbələrinin məhsuldarlığında azalma tendensiyası müşahidə olunur. Dəniz suyunun duzsuzlaşdırılması vasitəsilə illik 100 milyon kubmetr əlavə suyun istehsalı tükənən təbii mənbələrdən və yeraltı sulardan asılılığı azaldaraq həmin ekosistemlərin qorunmasında və su resurslarının mühafizəsində mühüm rol oynaya bilər. "Digər tərəfdən, Xəzərə axıdılan suyun 100 faiz təmizlənməsi ilə də götürülən su dövr edərək geri qayıdacaq. Xəzər dənizində suyun duzluluğunun az olması prosesi asanlaşdıran amildir. Bundan həm məişətdə, həm də kənd təsərrüfatında suvarma məqsədləri ilə istifadə ediləcək. İkincisi, iqlim risklərinin neytrallaşdırılması - mitiqasiya tədbirləridir", - deyə deputat əlavə edib.
P.Vəliyeva bildirib ki, iqlim dəyişmələri nəticəsində yaranan su qıtlığı risklərini aradan qaldırmaq üçün alternativ su mənbələrinin istifadəyə verilməsi su təminatını daha dayanıqlı və iqlim amillərindən az asılı vəziyyətə gətirərək ölkədə ekoloji dayanıqlığı dəstəkləyəcək. Dövlət Proqramında alternativ su mənbələrindən istifadə zamanı ətraf mühitə yarana biləcək mənfi təsirləri minimuma endirmək məqsədilə xüsusi ekoloji təsir qiymətləndirmələrinin aparılması nəzərdə tutulur. Bu, həm dəniz ekosisteminin qorunmasına, həm də təmizləmə texnologiyalarının müasir ekoloji standartlara uyğunlaşdırılmasına xidmət edir.
Deputat deyib ki, proqram çərçivəsində Bakı, Sumqayıt, Xırdalan və digər 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması, 12 yeni kollektorun tikintisi, 3 mövcud kollektorun bərpası və 9 yeni tullantı sutəmizləyici qurğunun inşası, 28 yeni su anbarının tikintisi və içməli suyun zərərsizləşdirilməsi sistemlərinin tam müasirləşdirilməsi hədəflənir: "Dövlət proqramında Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər yeni bir magistral kəmərin tikintisi nəzərdə tutulur. Bu kəmər vasitəsilə emal olunmuş su mövcud paylayıcı sistemə inteqrasiya ediləcək. Beləliklə, bu 10 illik proqramın reallaşması Bakı və Abşeronun su infrastrukturunu köhnəlmiş və qəzalı vəziyyətdən çıxararaq, "ağıllı", itkisiz su sistemləri olaraq ölkənin həm iqtisadi inkişafını sığortalayacaq, həm də əhalinin həyat keyfiyyətini yüksəldəcək".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"