AZ

Su təchizatı ilə bağlı Dövlət Proqramı əhalinin həyat keyfiyyətini köklü şəkildə artıracaq ŞƏRH

Bakı, 14 yanvar, AZƏRTAC

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə ekoloji dayanıqlılığı hədəfləyən strateji bir sənəddir. Proqram çərçivəsində köhnəlmiş infrastrukturun yenilənməsi, ağıllı su şəbəkələrinin qurulması və su itkilərinin kəskin azaldılması üçün konkret ikimərhələli fəaliyyət planı nəzərdə tutulur. Burada beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı kimi layihələr xüsusi yer tutur. Proqramın əsas məqsədi əhalini fasiləsiz içməli su ilə təmin etmək, subasma risklərini aradan qaldırmaq və bölgənin ekoloji təhlükəsizliyini gücləndirməkdir. Sənəddə, həmçinin rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və su ehtiyatlarının idarə olunmasında rəqəmsallaşma prioritet istiqamətlər kimi müəyyən edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, dünya əhalisinin dörddəbiri, yəni 2,2 milyarddan çox insan, su qıtlığından əziyyət çəkir. Bu çatışmazlığı aradan qaldırmaq üçün dəniz suyunun duzsuzlaşdırılması, yağış suyunun təkrar istifadəsi və tullantı sularının təmizlənərək suvarmada tətbiqi kimi alternativ su mənbələrinin əldə olunması istiqamətində innovativ həllər su problemində istifadə olunur. Ölkəmizdə də artıq bu yeniliklərə start verilir. İnnovativ resurs idarəçiliyi modelinə keçid edilir. Alternativ su mənbəyi kimi dəniz suyunun duzsuzlaşdırılması və istifadəsi ekoloji tarazlığın qorunmasına və su təhlükəsizliyinin təmin edilməsinə bir neçə mühüm istiqamətdə təsir göstərir. İlk öncə bu, təbii su mənbələri üzərindəki yükün azaldılması deməkdir. Qlobal iqlim dəyişmələri və yağıntıların azalması səbəbindən Şollar, Xaçmaz və Kür kimi ənənəvi su mənbələrinin məhsuldarlığında azalma tendensiyası müşahidə olunur. Dəniz suyunun duzsuzlaşdırılması vasitəsilə illik 100 milyon kubmetr əlavə suyun istehsalı tükənən təbii mənbələrdən və yeraltı sulardan asılılığı azaldaraq həmin ekosistemlərin qorunmasında və su resurslarının mühafizəsində mühüm rol oynayır. Digər tərəfdən Xəzərə axıdılan suyun 100 faiz təmizlənməsi ilə də götürülən su dövr edərək geri qayıdacaq. Xəzərin suyunda duzluluğun az olması da prosesi asanlaşdıran amildir. Bundan həm məişətdə, həm də kənd təsərrüfatında suvarma məqsədləri ilə istifadə edilə biləcək.

“İqlim dəyişmələri nəticəsində yaranan su qıtlığı risklərini aradan qaldırmaq üçün alternativ su mənbələrinin istifadəyə verilməsi su təminatını daha dayanıqlı və iqlim amillərindən az asılı vəziyyətə gətirərək ölkədə ekoloji dayanıqlığı dəstəkləyəcək. Dövlət Proqramı çərçivəsində alternativ su mənbələrindən istifadə zamanı ətraf mühitə yarana biləcək mənfi təsirləri minimuma endirmək məqsədilə xüsusi ekoloji təsir qiymətləndirmələrinin aparılması da nəzərdə tutulur. Bu, həm dəniz ekosisteminin qorunmasına, həm də təmizləmə texnologiyalarının müasir ekoloji standartlara uyğunlaşdırılmasına xidmət edir. Eyni zamanda, proqram çərçivəsində Bakı, Sumqayıt, Xırdalan və digər 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması, 12 yeni kollektorun tikintisi, 3 mövcud kollektorun bərpası və 9 yeni tullantı sutəmizləyici qurğunun inşası, 28 yeni su anbarının tikintisi və içməli suyun zərərsizləşdirilməsi sistemlərinin tam müasirləşdirilməsi hədəflənir. Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər yeni bir magistral kəmərin tikintisi də nəzərdə tutulur. Bu kəmər vasitəsilə emal olunan su mövcud paylayıcı sistemə inteqrasiya ediləcək. Beləliklə, bu 10 illik proqramın reallaşması Bakı və Abşeronun su infrastrukturunu köhnəlmiş və qəzalı vəziyyətdən çıxararaq, həm ölkənin iqtisadi inkişafını sığortalayacaq, həm də əhalinin həyat keyfiyyətini köklü şəkildə artıracaq”, - deyə deputat vurğulayıb.

Seçilən
67
1
azertag.az

3Mənbələr